
Mənbə: Report.az
İslam Maliyyə Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI) Azərbaycanı İslam bankçılığının inkişafında dəstəkləməyə hazırdır.
Bunu AAOIFI-nin qəyyumluq şurasının sədri şeyx İbrahim bin Xəlifa Əl Xəlifa Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-ci günündə bəyan edib.
Onun sözlərinə görə, hazırda İslam bankları üçün əlçatan vəsaitlərin həcmi təxminən 6 trilyon ABŞ dolları təşkil edir:
“Bu uzunmüddətli kapitaldır ki, hökumətlərə bu gün lazımdır”.
Şeyx İbrahim qeyd edib ki, aktivlərlə təminat və risklərin bölüşdürülməsinə əsaslanan prinsip bu vəsaitləri davamlı, inklüziv və dayanıqlı inkişaf məqsədlərinə uyğun edir.
O, həmçinin bildirib ki, AAOIFI Azərbaycanı dəstəkləməyə hazırdır:
“Bu regionda maliyyə fəaliyyətinin mərkəzi olmağa can atırıq”.
İ.Xəlifa əlavə edib ki, gələcəkdə təşkilat ölkənin strateji layihələrinə uzunmüddətli maliyyə dəstəyi verərək bu mexanizmlərdən istifadəyə töhfə verməyi planlaşdırır.







