28 fevral-01 mart 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA), Türkiyə Banklar Birliyi (TBB) və “PricewaterhouseCoopers” şirkətinin Türkiyə ofisinin birgə təşkilatçılığı ilə ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu” üzvlərinin Türkiyə Respublikasına rəsmi səfəri baş tutub.
3 günlük səfər çərçivəsində Türkiyə Respublikasının “Bankaçılıq Düzenleme ve Denetleme Kurumu”, Türkiyə Mərkəzi Bankı, Banklararası Kart Mərkəzi, “AkBank”, “Yapı Kredi Bank”, “Ziraat Bank”, “PricewaterhouseCoopers” şirkətinin Türkiyə ofisi, QNB Finansbank, Kredi Kayıt Bürosu kimi maliyyə institutlarının ekspertləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə fırıldaqçılıq əməliyyatlarına qaşrı mübarizənin bank səviyyəsində və koordinasiya edilmiş formada təşkili prinsipləri, bu sahədə əldə edilən uğurlu təcrübə, ödəniş ekosistemində geniş yayılan fırıldaqçılıq halları və əhalinin maarifləndirilməsi üzrə atılan addımlar, banklarla fintexlərin qarşılıqlı əməkdaşlığı və digər mövzular ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.