ADB koronavirusla mübarizə paketini üç qat artırıb

Asiya İnkişaf Bankı (ADB) bugün koronavirusla mübarizə üçün 18 mart tarixində yaradılan 6.5 milyard dollarlıq dəstək paketinə 13.5 milyard dollar əlavə edib. Bununla da, dəstək paketinin ümumi məbləği 20 milyard dollara çatıb. Bunun 2.5 milyard dollarlıq qismi güzəştlər və qrantlara ayrılan məbləğdir.

Ümumilikdə isə, 20 milyard dollarlıq paketin 2 milyard dolları özəl sektor üçün ayrılıb. Kreditlər və zəmanətlər formasında dəstək əsasən kiçik və orta sahibkarlara ayrılacaq. 18 milyard dollar isə üzv ölkələrin hökumətlərinə makroiqtisadi sabitliyin təmin edilməsinə dəstək məqsədilə ayrılıb.

ADB ümumilikdə dünya iqtisadiyyatının iqtisadi artım göstəricisini 2.3%-4.8% həcmində azaldacağını proqnozlaşdırıb. İnkişaf etməkdə olan Asiya ölkələrində isə cari ilin iqtisadi artım göstəricisinin 2.2%-i ötməyəcəyi proqnozlaşdırılıb.

Məlumat üçün qeyd edək ki, 1966-cı ildə yaradılan Asiya İnkişaf Bankına 68 üzv daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır