
“AFB Bank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Ruqiyyə Əliyeva Adil qızı bankın İdarə Heyətinin yeni üzvü seçilib.
BBN.az xəbər verir ki, bu barədə bankın Müşahidə Şurasının qərar qəbul etdiyi bildirilib.
Qərara əsasən, Ruqiyyə Əliyeva İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Bununla da bankın İdarə Heyətinin üzvlərinin sayı sədr də daxil olmaqla üç nəfərə çatıb.
Ruqiyyə Əliyeva bankçılıq, mikrofinans, telekommunikasiya və audit sahələrində geniş peşəkar təcrübəyə malikdir. O, 2023-cü ilin dekabrından 2026-cı ilin avqustunadək “FINCA Azerbaijan” BOKT-də Baş Maliyyə Direktoru (CFO) və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
Bundan əvvəl isə Ruqiyyə Əliyeva “AccessBank” və “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərib.
Onun peşəkar fəaliyyət istiqamətlərinə maliyyə strategiyasının hazırlanması, likvidliyin idarə edilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, büdcələşdirmə və hesabatlılıq daxildir.
Ruqiyyə Əliyeva IE Business School-da Executive MBA dərəcəsi alıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.





