Home » Agent Bankçılıq: mahiyyəti və faydaları

Agent Bankçılıq: mahiyyəti və faydaları

by bbnadm
0 rəy 4 baxış 4 dəqiqə oxuma

Agent Bankçılığın mahiyyəti nədir və bu modelin Azərbaycanda tətbiqi nəyə görə lazımdır? Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) “Azərbaycan və Orta Asiyada Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsinin Azərbaycan üzrə Layihə rəhbəri Teymur Heybətovla söhbətimizin mövzusu məhz bu barədədir.

Teymur bəy, agent bankçılıq barədə bizə məlumat verməyinizi xahiş edərdik.

“Agent Bankçılıq banklarla hüquqi şəxs (məsələn, poçt şöbələri, supermarketlər, apteklər və s.) və ya fiziki şəxslər arasında əməkdaşlıq modelidir və bu model əsasında həmin fiziki və ya hüquqi şəxslər bank lisenziyası olmadan və bankın adından agent kimi əhaliyə maliyyə xidmətləri təqdim edirlər. Burada bank agentlə müqavilə bağlayır və agent həmişə maliyyə təşkilatının adından çıxış edir. Buna görə son qərarı bank verir və tam məsuliyyəti bank daşıyır.”

Agent bankçılığın üstünlüyü barədə məlumat verərdiniz.

“Agent bankçılığın hər bir iştirakçı üçün öz üstünlükləri vardır:

  • Banklar inzibati xərclərini aşağı sala bilir, çünki daha çox filialın açılmasına və saxlanmasına ehtiyac olmur;
  • Agentlər müəyyənbank xidmətlərini təqdim etdikləri üçün banklardan xidmət haqqı alır (əlavə gəlir mənbəyi əldə edir) və əsas mal və xidmətlərin satışı artır, çünki bank xidmətləri göstərməsi ilə əlaqədar ticarət obyektinə daha çox alıcı gəlir, ticarət obyektinin əhəmiyyəti və etibarlılığı artır;
  • Müştərilər daha ucuz bank məhsulları və xidmətləri əldə edirlər, habelə həmin obyektlərə daha asanlıqla daxil olurlar, çünki agentin iş vaxtı bir qayda olaraq bankın iş vaxtından daha uzun olur.
  • Nəzarət qurumu isə agent bankçılığın tətbiqi ilə nağdsız ödənişlərin artmasında və kölgə iqtisadiyyatının azaldılmasında maraqlıdır.

Bundan başqa, agent bankçılıq maliyyə inklüzivliyinin artırılması üçün də əhəmiyyətli rol oynayır. Məsələn, formal maliyyə xidmətlərinin təchizatı coğrafi əhatə dairəsi üzrə qeyri-bərabər bölüşdürülür: şəhər əhalisi adətən nisbətən daha çox maliyyə xidmətləri təklifinə sahib olur, kənd sakinləri isə əksər hallarda əsas maliyyə sektorundan kənarda qalırlar. Məsafə, infrastrukturun səviyyəsi və həmin ərazilərdə səriştəli insan resurslarının məhdudluğu banklara həmin ərazilərə çatmaq üçün daha çox xərc çəkməyə məcbur edir, nəticədə isə banklar öz əhatə dairələrini şəhər ərazisindən çox uzaqlara doğru genişləndirməkdə maraqlı olmurlar. Vəziyyəti tam görmək üçün, gəlin bir sıra rəqəmlərə diqqət yetirək: bankların sayı 2014-cü ildə 45-dən 2017-ci ilin sonuna 30-a düşmüşdür və bu rəqəm cari tarixədək dəyişməyib. Bank filiallarının və şöbələrinin sayı da müvafiq olaraq 752 və 164-dən 509 və 133-ə düşmüşdür. Eyni zamanda, filialların ölkə daxilində bölgüsü də bərabər deyil və bölgələrə nisbətən, onların əksəriyyəti Bakı və iri şəhərlərdə cəmləşir.

Deyilənləri ümumiləşdirsək, banka çoxlu sayda filiallar açmaq və saxlamaq iqtisadi cəhətdən çətindir. Agent bankçılıq, bank filialının olmadığı və ya filial açmağın sərfəli olmadığı ərazidə həm yeni, həm də cari müştəriləri cəlb etmək və onlara xidmət göstərmək üçün bir vasitədir.”

Karantin zamani Agent bankçılığı necə qiymətləndirərdiniz?

“Karantin mühitində agent bankçılığın əhəmiyyəti daha da artır. Agent bankçılığın tətbiq olunması halında həm yeni, həm də mövcud müştərilərin filiala gəlməsi zəruriyyəti aradan qalxır (nəzərdə saxlayaq ki, filiala gəlmək üçün onlar bir çox hallarda virusun ötürülməsi riskini artıran ictimai nəqliyyatdan istifadə edirlər), çünki agent, bir qayda olaraq, bank filialından daha yaxın yerdə yerləşir.”

Aqent bankçılığı hansı oxşar modellərlə müqayisə eləmək olar?

“Maraqlıdır ki, agentlərin cəlb edilməsi yeni bir yanaşma deyil. Agent prinsipi ilə təqdim olunan sığorta, bilet və mobil nömrələrin satışı kimi xidmətləri qeyd etmək olar.”

Agentlər adətən hansı xidmətləri göstərir?

“Maliyyə sahəsində, bir qayda olaraq, agent tərəfindən təqdim edilən ən populyar xidmətlər bank hesabı açmadan pul köçürmələri etmək, bank hesabına və ya elektron pul kisəsinə mədaxil/məxaric, ödənişlər, köçürmələr, müavinətlərin təqdim edilməsi və s. bu kimi xidmətlərdir. Daha qabaqcıl xidmətlər isə, bank hesabının açılması, plastik kartın sifarişi və kreditin verilməsi üçün müraciətlərin qəbul edilməsi ola bilər.”

Agent bankçılığın tətbiq olunduğu ölkələr barədə bilmək maraqlı olardı.

“Agent bankçılıq Rusiya, Braziliya, Malayziya, Meksika, Argentina, Çili, Hindistan, Keniya və bir sıra digər ölkələrdə istifadə olunur və müxtəlif ölkələrdə fərqli agent modelləri və prinsipləri tətbiq edilir.

Sonda, Agent bankçılıq barədə daha ətraflı məlumat almaq üçün “Agent bankçılıq: mahiyyəti, riskləri və tətbiqetmə üsulları” adlı kursdan bəhrələnməyi tövsiyə edərdim. Kurs IFC-nin “Azərbaycan və Orta Asiyada Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə hazırlanmışdır.”

Bu kursla tanış olmaq üçün Mərkəzi Bankın Virtual Təhsil Platformasının veb səhifəsinə daxil olub qeydiyyatdan keçməyiniz və aşağıdakı linklərə keçməyiniz lazımdır:

1) https://edu.e-cbar.az/course/preview.php?id=94 (burada vəsaitlər və alt yazılar Azərbaycan dilindədir);

2) https://edu.e-cbar.az/course/preview.php?id=91 (burada vəsaitlər rus dilindədir).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.