Home » AMB: Əhalinin banklara xalis dollar satışı 274 milyon dollara yaxınlaşıb

AMB: Əhalinin banklara xalis dollar satışı 274 milyon dollara yaxınlaşıb

by yunus
0 comments 1 views 2 minutes read

Azərbaycanda əhalinin banklara satdığı nağd xarici valyutanın həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən, 2026-cı ilin ilk beş ayında bankların əhalidən aldığı ABŞ dolları satdığı məbləği əhəmiyyətli dərəcədə üstələyib.

Məlumata görə, hesabat dövründə banklar əhaliyə 489,3 milyon ABŞ dolları satdığı halda, əhalidən 763,2 milyon dollar məbləğində valyuta alıb. Beləliklə, bankların valyuta alışları satışları 273,9 milyon dollar üstələyib. Bu isə bazarda əhalidən banklara təxminən 274 milyon dollarlıq xalis vəsait axınının formalaşdığını göstərir.

Qeyd olunur ki, bu nəticə son beş ilin eyni dövrü üzrə ən yüksək göstəricidir. Müqayisə üçün, 2025-ci ilin ilk beş ayında əhali banklara xalis 138 milyon dollar, 2023-cü ilin müvafiq dövründə isə 60,3 milyon dollar satmışdı. 2024-cü ildə isə əksinə, bankların əhaliyə satdığı valyutanın həcmi alışları 483,7 milyon dollar üstələmişdi.

May ayında da eyni tendensiya davam edib. Belə ki, banklar əhaliyə 71,4 milyon ABŞ dolları satdığı halda, əhalidən 180,6 milyon dollar dəyərində xarici valyuta qəbul edib.

Mərkəzi Bank bildirir ki, bu dinamika ölkədə de-dollarlaşma prosesinin gücləndiyini göstərir. Qurumun məlumatına əsasən, ilin ilk beş ayında mübadilə məntəqələrində nağd xarici valyuta alışı satışı 311 milyon dollar üstələyib. Eyni zamanda, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ay ərzində 2,8 faiz bəndi azalaraq may ayının sonunda 27 faizə enib.

AMB həmçinin qeyd edib ki, bankların valyuta hərraclarında tələbinin azalması fonunda alışyönlü intervensiyalar həyata keçirilib. Bunun nəticəsində 2026-cı ilin ilk beş ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 milyard ABŞ dolları və ya 10,4 faiz artaraq 12,7 milyard dollara yüksəlib.

Nağd valyuta bazarında da diqqətçəkən dəyişiklik qeydə alınıb. Son illərdə ilk dəfə olaraq mübadilə məntəqələrində ABŞ dollarının orta satış məzənnəsi Mərkəzi Bankın uzun müddətdir qoruduğu 1,70 manat səviyyəsindən aşağı formalaşıb. İyun ayında orta satış məzənnəsi 1,6970 manat olub. Bu göstərici mayda 1,6977 manat, ilin əvvəlində isə 1,6986 manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.