

Avropa İttifaqı (Aİ) Amerika mallarına qarşı 100 milyard avro dəyərində rüsum tətbiq edə bilər. bbn.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
BBN.az xəbər verir ki,məlumata əsasən, Vaşinqtonla aparılan ticarət danışıqları nəticəsiz qalarsa, Brüssel bu addımı atmağa hazırlaşır. Təklif olunan əks-tədbirlərin ilkin müzakirəsi bu gün – mayın 7-də baş tutacaq və məsləhətləşmələrin bir ay davam edəcəyi gözlənilir.
Bildirilir ki, danışıqlar çərçivəsində Avropa İttifaqı ABŞ-a ticarət və qeyri-tarif maneələrinin azaldılması və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər irəli sürəcək. Hazırda Avropanın ABŞ-a 380 milyard avroluq ixracatının təxminən 70 faizinə təsir edən tariflərin qüvvədə qalacağı gözlənilir. Aİ nümayəndələri əlavə ediblər ki, ABŞ tərəfindən aparılan yeni antidempinq araşdırmaları nəticəsində bu rəqəm 549 milyard avroya çata bilər.
Qeyd edək ki, Aİ daha əvvəl ABŞ-ın Aİ məhsullarına tətbiq etdiyi tarifləri 20 faizdən 10 faizə endirməsindən sonra əks-tədbirləri 90 gün təxirə salmağa razılaşmışdı.