
Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci il oktyabrın 30-da “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun dördüncü iclası keçirilib.
BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
İclasda Mərkəzi Bankın sədri və alt İşçi Qrupun rəhbəri Taleh Kazımov çıxış edərək, makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə Tədbirlər Planının yekun versiyasının hazırlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib.
O, Tədbirlər Planının Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli, 356s nömrəli Sərəncamı ilə müəyyən olunmuş müddət ərzində əhatəli və təkmil şəkildə hazırlanmasında alt İşçi Qrup üzvləri arasında səmərəli əməkdaşlıq, qarşılıqlı koordinasiya və məsuliyyətli yanaşmanı xüsusi vurğulayıb.
Taleh Kazımov beynəlxalq təcrübə və yerli xüsusiyyətlər nəzərə alınmaqla təklif olunan tədbirlərin ölkədə makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, maliyyə sabitliyinin artırılması və maliyyə sektorunun iqtisadi artımda rolunun genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Sədr bildirib ki, “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupun Tədbirlər Planı layihəsi və tədbirlərin icrası ilə bağlı maliyyə tələbatına dair təkliflər 1 noyabr tarixinədək İşçi Qrupun rəhbərinə – Komissiya sədrinin müavininə təqdim ediləcək.
Görüşdə iştirak edən dövlət qurumlarının nümayəndələri də alt İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirib, görülən işlərin effektiv koordinasiya şəraitində aparıldığını və müzakirələrin faydalı olduğunu bildiriblər.
Qeyd edək ki, “Makroiqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupu Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli, 611 nömrəli Sərəncamı və Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamı əsasında yaradılıb.







