13 noyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin payız sessiyasında növbəti plenar iclasda çıxış edərək, ölkəmizdə iqtisadi artımla bağlı proqnozları nəzərə çatdırıb. O, qeyd edib ki, iqtisadi artımın 2024-cü ildə 3,3%, 2025-ci ildə isə 3,2% olacağı proqnozlaşdırılıb:
“Qeyri-neft/qaz sektorunda ÜDM üzrə artımın 2023-cü ildə 2,8%, 2024-cü ildə 5,4%, 2025-ci ildə 5,1% olacağı gözlənilir. Növbəti ildə cari əməliyyat balansı 8,5 milyard ABŞ dolları, 2025-ci ildə isə 7 milyard ABŞ dolları təşkil edəcək. Oktyabrın sonuna valyuta ehtiyatları 66 milyard ABŞ dollar səviyyəsinə qalxıb, bu isə 13,4% artım təşkil edir. Mərkəzi Bankın ehtiyatları 16,8 % artaraq, 10,5 milyard ABŞ dolları təşkil edib”.
Taleh Kazımov 25 aylıq fasilədən sonra illik inflyasiyanın 5,1%-ə endiyini söyləyib, inflyasiyaya həm xarici, həm də daxil amillərin təsiri barədə danışıb. Pul siyasəti ilə bağlı qeyd edilib ki, hesabat dövründə Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində inflyasiyanı məhdudlaşdırmağa çalışıb, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlər görülüb. Tətbiq olunan yeni pul siyasətinə görə sterilizasiya portfelinin həcminin artaraq 6,4 milyard manata çatdığı, ilk dəfə olaraq banklararası bazarın yarandığı bildirilib. Qeyd olunub ki, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunun stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəlib. Sahibkarların maliyyə çıxışının genişləndirilməsi diqqətdə saxlanılıb.
Bank sektoruna və manata inamın artdığını deyən Taleh Kazımov, cari ilin 9 ayı ərzində milli valyutada əhalinin əmanətlərinin 15,6% və ya 1,1 milyard manat artaraq 8 milyard manat təşkil etdiyini söyləyib.
Sonra Mərkəzi Bankın sədri 2024-cü ilin pul siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, növbəti ildə pul siyasəti inflyasiyanın müəyyən edilmiş dəhliz daxilində formalaşmasına yönələcək, pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirillməsi davam etdiriləcək. Mərkəzi Bankın proqnozlarına əsasən 2023-cü ilin illik inflyasiyasının 4,3%-dən aşağı olacağı, 2024-cü ildə illik inflyasiyanın 5,3%, 2025-ci ildə isə 3,4% olacağı proqnozlaşdırılır.
Bildirilib ki, növbəti ildə pul siyasəti və likvidliyin idarə olunması çərçivəsinin təkmilləşdirillməsi, banklararası pul bazarının inkişaf etdirilməsi, qısamüddətli faizlərin orta və uzunmüddətli faizlərə təsirlərinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi planlaşdırılır.