“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir.2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8%, 12 aylıq baza inflyasiya isə 1.4% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 0.3%, qeyri-ərzaq inflyasiyası 1.4%, xidmətlər inflyasiyası isə 2.3% olmuşdur”.
BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatında qeyd edilib.
“İnflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılmışdır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır”, – deyə bankın açıqlamasında qeyd edilib.
Bankdan bildirilib ki, pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaqdır:
“Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaqdır”.