
Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında yeni qəbul məntəqəsi açır.
İyunun 8-dən etibarən vətəndaşların qəbulu Naxçıvan şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də həyata keçiriləcək.
AMB bildirir ki, yeni qəbul məntəqəsinin fəaliyyətə başlaması vətəndaşların xidmətlərə çıxış imkanlarını genişləndirəcək, eyni zamanda müraciətlərin qəbulunda vaxt itkisinin azaldılmasına töhfə verəcək.
Hazırda qurumun vətəndaş qəbulu Bakı şəhərində yerləşən ASAN-2 və ASAN-5 mərkəzlərində həyata keçirilir. Bununla yanaşı, regionlarda da qəbul xidmətləri göstərilir.
Bu məqsədlə Yevlax və Biləsuvar şəhərlərində fəaliyyət göstərən AMB-nin ərazi idarələrində vətəndaş qəbulu otaqları yaradılıb. Həmçinin il ərzində müxtəlif şəhər və rayonlarda səyyar qəbullar təşkil olunur.
Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat almaq istəyən şəxslər AMB-nin “966” Çağrı Mərkəzinə müraciət edə bilərlər.




