Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkisaf Bankının (AIB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Görüşdə enerji sahəsində uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, bərpa olunan enerjidən geniş istifadəni və enerji səmərəliliyinə nail olunmasını hədəfləyən yeni mərhələdə tərəfdaşlıq imkanları müzakirə edilib. Azərbaycanın “yaşıl enerji zona”larının və “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə bağlı təşəbbüs və layihələri, elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının artırılması məqsədilə 2027-ci ilədək 9 stansiyanın istismara verilməsi planları, şəbəkənin gücləndirilməsi, dənizdə külək enerjisindən istifadə, eləcə də enerji səmərəlilyi üzrə “Enerji Səmərəliliyi Fondu”nunun yaradılmasının nümunəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Sadalanan istiqamətlər, o cümlədən “yaşıl hidrogen”, Naxçıvanda damüstü günəş panellərinin quraşdırılması, həmçinin istilik təchizatının karbonsuzlaşdırılması və bu sahədə islahatlara dəstək üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində AİB ilə Böyükşor gölündə həyata keçirilən 100 kVt-a qədər gücə malik fotovoltaik sistemin COP29 tədbiri ərəfəsində istismara verilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin COP29 çərçivəsində fəaliyyətə, AİB-in karbon bazarının inkişafına və iqlim dəyişikliyinə uyğunlaşma prosesinə dəstək təklifləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə müvafiq addımların atılması məqsədilə tədbirlərin keçirilməsi razılaşdırılıb.