

Avropanın nəhəng şirkətlərindən olan “Airbus Corporate Helicopters” və “Aston Martin Lagonda” tərəfdaşlıq ediblər. Dekabr ayında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, “Airbus” şirkətinə məxsus olan premium “ACH130” modelinin daxili və xarici dizaynı və təkmilləşdirilməsi “Aston Martin” şirkətinə təhvil verilib. Tərəfdaşlığın nəticəsində ərsəyə gələn helikopterin ilkin nümayişi Alp dağlarının ətəyində yerləşən “Courchelevel” dağ-xizək kurortunda həyata keçirilib.
“ACH130 Aston Martin Edition” adlı bu helikopterlərin ilkin sifarişləri alınır və “Airbus” şirkəti tərəfindən cari ilin ilk rübündə müştərilərin istifadəsinə verilməsi planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, ilkin olaraq helikopterlər 4 əsas dizayn formatında ( “Stirling Green”, “Xenon Grey”, “Arizona” və “Ultramarine Black” ) hazırlanacaq.
Şirkətlərin heç biri mətbuata qiymət barədə məlumat verməsə də, “ACH130” standart helikopterlərinin qiymətinin 3.3 milyon dollardan artıq olduğunu nəzərə alaraq, “ACH130 Aston Martin Edition” modelinin 4 milyon dollardan baha qiymətləndiriləcəyi ehtimal olunur.