Avropanın ən böyük iki iqtisadiyyatı geriləmə ilə üz-üzədir

Avropanın koronavirus pandemiyası səbəbindən dərin zərbə alan ölkələri yalnız Cənubi Avropa ölkələri ilə məhdudlaşmır. Belə ki, Avropa iqtisadiyyatının “mühərrikləri” və Avropa Birliyinin “sütunları” hesab edilən iki ölkə – Almaniya və Fransa da iqtisadi kiçilmə ilə üz-üzə qalıb.

Almaniyanın qabaqcıl maliyyə institutları ölkə iqtisadiyyatının 4.2% kiçiləcəyini proqnozlaşdırıb. Çərşənbə günü verilən açıqlamada 2020-ci ilin birinci rübü üçün 1.9%-lik geriləmə, ikinci rübündə isə 9.8%-lik geriləmə müşahidə olunacağı vurğulanıb. Bu isə, Almaniya iqtisadiyyatında rüblük olaraq qeydə alınan ən böyük geriləmə ola bilər. 2021-ci il proqnozlarında isə iqtisadiyyatın dirçəlməsi və 5.8% iqtisadi artım proqnozlaşdırılıb.

Fransada isə neqativ proqnozlar Fransa Mərkəzi Bankının 2020-ci ilin birinci rübü üzrə 6%-lik geriləmə açıqlamasından sonra ortaya çıxmağa başlayıb. Belə ki, bu geriləmə 1968-ci ilin ikinci rübündə hökumətə qarşı etirazlar nəticəsində ortaya çıxan iqtisadi kiçilmədən sonra qeydə alınan rekord göstəricidir. Hal-hazırda, Fransa Mərkəzi Bankı ölkədə COVID-19 virusuna qarşı görülən tədbirlər səbəbindən ölkə ÜDM-nin hər 15 gündən bir 1.5% geriləyəciyini proqnozlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır