
Azərbaycan və ABŞ-ın Kaliforniya ştatının Oreync vilayətində fəaliyyət göstərən “Lincoln” biznes klubu birgə investisiya qoyuluşu və müştərək vençur fondunun yaradılması imkanlarını müzakirə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirilib ki, müzakirələr nazir müavini Samir Məmmədovun klubun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüşündə baş tutub.
Tərəflər həmçinin kluba üzv şirkətlərlə B2B və B2G formatlarında uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması və insan kapitalının inkişaf etdirilməsi məsələlərini müzakirə edib.
Görüşdə həmçinin Azərbaycanla ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub. Nazirlik vurğulayıb ki, ölkəmiz bu sahələrdə ABŞ-la tərəfdaşlığa böyük önəm verir.
“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.







