27 sentyabr 2023-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmiz öz suverenliyini bərpa etmişdir. Tariximizin bu şanlı günlərində Azərbaycan bank ictimaiyyəti, hər zaman olduğu kimi, ordumuzun və dövlətimizin yanında olmaqdan qürur duyur. “Anım günü” – 27 sentyabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin bu mövzuya həsr olunmuş geniş tərkibli iclası keçirilmiş, şəhidlərimizin ruhu dərin hörmətlə anılmışdır.
İclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunmuşdur:
- Şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.
Azərbaycan bank icması hər zaman Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.