“Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib”.
BBN.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
“Bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.
Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur.
Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır.
Qeyd edək ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir”, – deyə V.Bayramov bildirib.