
Azərbaycanda bank sektorunda əhali və şirkətlərin vəsaitlərinin hərəkətində fərqli tendensiya müşahidə olunur. Əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatdığı halda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb. Eyni zamanda maliyyə təşkilatlarının depozitləri 41,8% artaraq 4,36 milyard manata yüksəlib.
BBN.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov Musavat.com-a açıqlamasında əhalinin banklardakı əmanətlərinin artmasının bir neçə amillə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, əsas səbəblər arasında əhalinin gəlirlərinin artması, banklara inamın yüksəlməsi, depozit faizlərinin cəlbediciliyi və alternativ investisiya imkanlarının məhdudluğu yer alır.
İqtisadçı qeyd edib ki, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artsa da, əmanətlərin 15,8% artımını yalnız gəlirlərin yüksəlməsi ilə izah etmək mümkün deyil.
“Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır”, – deyə Eldəniz Əmirov bildirib.
Maliyyə təşkilatlarının depozitlərinin 41,8% artmasını şərh edən iqtisadçı bunun sərbəst vəsaitlərin artması, büdcə vəsaitlərinin xərclənənədək banklarda saxlanılması və maliyyə təşkilatlarının vəsaitlərini digər istiqamətlərdənsə depozitlərdə yerləşdirməyə üstünlük verməsi ilə bağlı ola biləcəyini deyib.
Qeyri-maliyyə təşkilatlarının depozitlərinin azalmasına gəlincə, Əmirov bunun şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin artması, həmçinin idxal və digər xarici ödənişlərlə əlaqəli ola biləcəyini qeyd edib.
İqtisadçının fikrincə, əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir. Bu, eyni zamanda bankların kreditləşmə üçün resurs bazasını genişləndirir.
Bununla belə, əhalinin vəsaitlərinin getdikcə daha çox bank depozitlərində cəmlənməsi alternativ investisiya alətlərinin kifayət qədər inkişaf etmədiyini və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdud olduğunu da göstərə bilər.





