

Bu ilin birinci rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətləri dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % artaraq 751,9 milyon ABŞ dollarına çatıb.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hesabat dövründə turizm xidmətləri ixracı 380,5 milyon ABŞ dolları təşkil edərək idxalı (371,4 milyon ABŞ dolları) üstələyib və nəticədə 9,1 milyon ABŞ dolları məbləğində profisit qeydə alınıb.
Bununla yanaşı, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0,7 %, ölkəyə səfər edən xarici vətəndaşların sayı isə 1,1 % azalıb.
Məlumata əsasən, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən turizm xidmətlərinin ümumi dəyərinin 79,2 %-i şəxsi səfərlərlə bağlı olub (məkik idxal məqsədli xərclər istisna edilməklə).
Qeyd edək ki, ötən il qeyri-neft sektoru çərçivəsində qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 12,5 dəfə azalaraq 0,4 milyon ABŞ dollarına düşüb. Əvəzində qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri 61 % artaraq 0,5 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.