
Azərbaycanda təbii qazın borularla nəqlini həyata keçirən operatorların 2025-ci ilin ilk yarısı üzrə gəlirləri açıqlanıb.
Məlumata görə, hesabat dövründə qaz nəqlindən 1 milyard 359,16 milyon manat gəlir əldə olunub. Bu göstərici, 2024-cü ilin ilk yarısında qeydə alınmış 1 milyard 359,81 milyon manatla müqayisədə demək olar ki, dəyişməz qalıb.
Lakin qaz nəqlinin həcmi azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin ilk yarısında ölkə ərazisində ümumilikdə 20,26 milyard kubmetr təbii qaz nəql edilib ki, bu da ötən illə müqayisədə 1,4% azalma deməkdir. Cənubi Qafqaz Boru Kəməri üzrə isə nəql həcmi 1,6% azalaraq 11,24 milyard kubmetrə düşüb.
Eyni zamanda, neft kəmərlərinin operatorları 2025-ci ilin ilk 6 ayında ümumilikdə 523,48 milyon manat gəlir əldə ediblər. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,7% azdır.
Ümumi neft nəqli də azalma nümayiş etdirib – belə ki, ilk yarımildə neft kəmərləri ilə nəqlin həcmi illik müqayisədə 3,8% azalaraq 18,51 milyon tona enib. Əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql də 3,8% azalaraq 13,92 milyon tona düşüb.




