
Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı yeni sərəncam qəbul edib. BBN.az xəbər verir ki, sənəd Prezidentin 15 yanvar 2026-cı il tarixli 578 nömrəli Fərmanının icrasının təmin olunmasına xidmət edir.
Söhbət dövlət zəmanətləri və dövlət adından borc alınması mexanizmlərini tənzimləyən qaydalarda edilmiş dəyişikliklərin tətbiqindən gedir. Bu dəyişikliklər azad edilmiş ərazilərdə biznes fəaliyyətinin maliyyələşdirilməsini daha əlçatan etməyə yönəlib.
Hansı qurumlara nə tapşırılıb?
• Ədliyyə Nazirliyi Maliyyə və İqtisadiyyat nazirlikləri, eləcə də digər aidiyyəti qurumlarla birlikdə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
• Mərkəzi icra hakimiyyəti orqanları isə 4 ay müddətində öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlarını Fərmanın tələblərinə uyğunlaşdırmalı və ya təkliflərinin olmadığı barədə Ədliyyə Nazirliyinə məlumat verməlidirlər. Zərurət yaranarsa, icra vəziyyəti barədə Nazirlər Kabinetinə də məlumat təqdim olunmalıdır.
• Ədliyyə Nazirliyi əlavə olaraq digər qurumların normativ aktlarının Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə 6 ay müddətində Nazirlər Kabinetinə hesabat verməlidir.
Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Sənəd imzalandığı gündən qüvvəyə minib.




