
“AzerGold” QSC Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin zəngin irsinə həsr olunmuş gümüş xatirə sikkəsinin istehsalına start verib.
Məlumata görə, yeni məhsulun yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır. Xüsusi buraxılış “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırlanıb və dahi memarın 900 illik yubileyinə həsr olunub.
Bildirilib ki, sikkə üzərində Əcəmi Naxçıvaninin və onun davamçılarının ərsəyə gətirdiyi tarixi memarlıq nümunələri təsvir olunub. Məhsul innovativ “smartminting” texnologiyası ilə hazırlanıb ki, bu da sikkədə ultra yüksək relyef, incə detallı dizayn elementləri və çoxölçülü vizual effektlərin əldə olunmasına imkan yaradır.
Qeyd olunub ki, bu texnologiya klassik zərb üsullarından fərqli olaraq daha dərin bədii ifadə, yüksək dəqiqlik və unikal estetik görünüş təmin edir.
Layihənin əsas məqsədi Azərbaycanın zəngin memarlıq irsini təbliğ etmək, milli-mədəni dəyərləri geniş auditoriyaya çatdırmaq və görkəmli memarın xatirəsini yaşatmaqdır. Yeni sikkə limitli sayda istehsal olunacaq və həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən alıcılar üçün nəzərdə tutulub.
Xatırladaq ki, “AzerGold” QSC bundan əvvəl də tarixi-mədəni irsin təşviqinə yönəlmiş “Qarabağ inciləri”, “Şuşa”, “Bakı”, “İçərişəhər”, “Qobustan” və “Naxçıvan” kolleksiyalarını təqdim edib. Yeni sikkə də bu ənənəni davam etdirərək Azərbaycanın mədəni irsinin yerli və beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.




