
2026-cı ilin 25-26 sentyabr tarixlərində Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələri” adlı tədbirdə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq platformalarda iştirak etməklə yanaşı, özünün də qlobal investisiya platformasını formalaşdırmağa başlayıb.
“Ötən ilin sentyabrında birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu təşkil etdik. Bu il həmin platformanın ikinci buraxılışını keçirməyi planlaşdırırıq. Hesab edirəm ki, bu forum Azərbaycana nüfuzlu adları cəlb edən və getdikcə daha qlobal xarakter alan bir platformaya çevrilir”, – deyə Y. Abdullayev bildirib.
AZPROMO rəsmisi əlavə edib ki, ağıllı və dayanıqlı şəhərsalma idarəçiliyi ortaq məsuliyyət tələb edir. Onun fikrincə, hökumətlər bu istiqamətdə strateji baxış və uyğun mühit yaradır, investorlar kapital və təcrübə təqdim edir, biznes qurumları innovativ həllər təklif edir, beynəlxalq platformalar isə bütün tərəflərin əməkdaşlığını gücləndirir.




