
Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmi start verilib.
Məlumata görə, “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusunda keçirilən tədbirdə IsDB Qrupunun 57 üzv ölkəsindən, eləcə də digər dövlətlərdən siyasətçilər, inkişaf üzrə ekspertlər və maliyyə sektorunun rəhbərləri iştirak edirlər.
Bildirilib ki, builki mövzu regional inteqrasiyanın dayanıqlı inkişaf və ortaq rifahın təmin edilməsində artan rolunu əks etdirir. Bu yanaşma IsDB Qrupunun 2026–2035-ci illəri əhatə edən Onillik Strateji Çərçivəsi ilə uzlaşır. Toplantılar həmçinin Azərbaycanın son 16 ildə IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ikinci dəfə ev sahibliyi etməsi ilə əlamətdardır. Qurumun əvvəlki illik toplantısı ölkədə 2010-cu ildə keçirilmişdi.
Tədbirdə maliyyə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq inkişaf sahələrinə cavabdeh nazirlər, aparıcı beynəlxalq maliyyə institutlarının, qlobal inkişaf təşkilatlarının və strateji tərəfdaşların yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Toplantılar iştirakçılar üçün dialoq, əməkdaşlıq və bilik mübadiləsi baxımından mühüm platforma rolunu oynayır.
İllik Toplantılar çərçivəsində qlobal inkişaf çağırışları və yeni imkanlar müzakirə olunacaq, uzunmüddətli inkişaf və davamlılığa töhfə verəcək innovativ həll yollarının müəyyənləşdirilməsinə xüsusi diqqət ayrılacaq.
Proqrama İdarə Heyətlərinin nizamnamə toplantıları, IsDB Qrupunun sədri ilə “Fireside Chat”, Qubernatorların Dialoqu, Özəl Sektor Forumu, Çoxtərəfli İnkişaf Bankları Biznes İmkanları Forumu, Ərəb Koordinasiya Qrupunun Özəl Sektor Sessiyası, eləcə də bir sıra yüksək səviyyəli dəyirmi masalar, sərgilər və şəbəkələşmə tədbirləri daxildir.
Müzakirələr zamanı islam maliyyəsi, gənclərin məşğulluğu, davamlılıq və iqlim dəyişikliklərinə uyğunlaşma, halal ekosisteminin inkişafı, enerji bağlantıları, ticarət və nəqliyyat əlaqələri, süni intellekt, rəqəmsal iqtisadiyyat, innovasiya və startaplar, etiketli sükuklar, regional səhiyyə təhlükəsizliyi və sosial müdafiə sistemləri kimi prioritet istiqamətlər diqqət mərkəzində olacaq.




