“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova da iştirak edib. Tədbir iştirakçılarını salamlayan N.Bayramova bildirib ki, Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər getdikcə artır və bu, ölkə vətəndaşlarının sağlamlığının daha yüksək səviyyədə qorunmasına ciddi təsir edir.
Ölkədə tətbiq olunan icbari tibbi sığorta sistemi haqqında məlumat verən İdarə Heyəti sədrinin müavini, “Qarşımıza qoyduğumuz məqsədlərimizə doğru inamla irəliləyirik. Qısa müddət ərzində dövlət tibb müəssisələrində qeydiyyat sistemi elektronlaşdırılıb, tibbi xidmətlərə dair statistik göstəricilər, hesabatlılıq təkmilləşdirilib və səhiyyənin maliyyə potensialı gücləndirilib. İnformasiya kommunikasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq vahid qeydiyyat sistemini qurmuşuq”, – deyə söyləyib.
N.Bayramova sonda xaricdə çalışan həmyerlilərimizi Azərbaycandakı həkimlərlə sıx əməkdaşlığa dəvət edib: “Yaxşı olardı ki, Azərbaycandakı həmkarlarınızla mütəmadi əlaqədə olasınız, müxtəlif formatlarda əməkdaşlıq edəsiniz. Bu onlayn və ya oflayn formatda keçirilən seminarlar ola bilər. Hesab edirəm inkişaf etmiş ölkələrin səhiyyə praktikasını Azərbaycanda tətbiq etmək, tibbin ən son yenilikləri, müayinə və müalicə metodları haqqında məlumatları həmkarlarınızla paylaşmağınız faydalı olar”.
Tədbirdə çıxış edən TƏBİB-in icarçı direktoru Vüqar Qurbanov bildirib ki, xaricdə təhsil alan və çalışan azərbaycanlı həkimlərin bir qrupu artıq Azərbaycanda TƏBİB-in tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərir. O, Almaniyada çalışan azərbaycanlı həkimlərin bir qrupunun da bu niyyətdə olduğunu qeyd edib. Azərbaycanda səhiyyənin yeni dövrün tələblərinə uyğun inkişaf etdirildiyi, Qarabağa köçən Azərbaycan vətəndaşlarına səhiyyə xidmətinin göstərildiyi vurğulanıb.
Qeyd edək ki, tədbirdə Agentliyin və TƏBİB-in əməkdaşları ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Almaniyanın 70-ə yaxın şəhərindən gələn tibb mütəxəssisləri və qonaqlar iştirak ediblər.