Böyük Britaniya bugün 1973-cü ildən bu yana üzvü olduğu Avropa Birliyini tərk edir. 2016-cı ilin yayında keçirilən “Brexit” referendumu nəticəsində 52%-lik səs çoxluğu ilə Avropa Birliyindən çıxmaq qərara alınıb.
Baş nazir Boris Johnson mətbuata açıqlamasında, cari situasiyanı “yeni dövrün şəfəqi” adlandırıb və bunun son yox yeni bir başlanğıc olduğunu vurğulayıb. Belə ki, bununla Böyük Britaniya keçid dövrünə qədəm qoyub.
Vətəndaşların ölkələr arasında sərbəst hərəkəti, azad ticarət razılaşması kimi bir sıra AB qaydaları dekabr ayının sonunadək qüvvədə qalacaq. Böyük Britaniyadan Avropa Birliyi büdcəsinə maliyyə vəsaitləri köçürülməyə davam etsə də, ingilis diplomatları Avropa Parlamentində yer almayacaqlar.
Məlumat üçün qeyd edək ki, “Brexit” prosesinin həyata keçirilməsini qeyd etmək üçün, dövriyyəyə 3 milyon ədəd üzərində “Peace, prosperity and friendship with all nations” ifadəsi qeyd olunan 50 pens buraxılıb.