
24 avqust 2025-ci il tarixində Budapeştdə Asiya Maliyyə Əməkdaşlıq Assosiasiyası (AFCA) və Macarıstan Banklar Assosiasiyasının (HBA) birgə təşkilatçılığı ilə Kibertəhlükəsizlik Konfransı keçirilib.
Konfransda Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov iştirak ediblər.
Tədbirin açılışında HBA-nın baş katibi cənab Levente Kovács, AFCA-nın baş nəzarətçisi və HBA-nın prezidenti cənab Radován Jelasity, eləcə də Çin İnşaat Bankı (Avropa) S.A., Macarıstan filialının baş direktoru xanım Yanyun Wang çıxış ediblər.
Konfransın əsas məruzəsini Budapeşt Fond Birjasının baş icraçı direktoru cənab Tibor Tóth təqdim edib. Bağlanış nitqi isə HBA-nın vitse-prezidenti cənab András Becsei tərəfindən söylənilib.
Müzakirələrdə maliyyə sektorunda kibertəhlükəsizlik çağırışları və beynəlxalq təcrübələr əsas mövzu olub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis olunub. Hazırda 22 bank, 2 qeyri-bank kredit təşkilatı və 3 digər qurum olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.







