
ABŞ-ın ən böyük banklarından biri olan Citigroup öz steyblkoinini buraxmağı planlaşdırır.
BBN.az xəbər verir ki, bu barədə bankın baş icraçı direktoru Ceyn Freyzer, ikinci rübün nəticələrinə dair analitiklərlə keçirilən telefon konfransında məlumat verib.
“Biz Citi steyblkoininin buraxılmasını nəzərdən keçiririk. Lakin ən önəmlisi, aktiv olduğumuz tokenləşdirilmiş depozit sahəsidir. Bu, bizim üçün yaxşı fürsətdir”, — deyə Freyzer qeyd edib.
Hazırda ABŞ-ın üçüncü ən böyük kreditoru olan Citigroup, steyblkoinlər üçün ehtiyat idarəçiliyinin təşkili və kripto aktivlərin mühafizəsi (custody) üzrə xidmətlərin göstərilməsi imkanlarını da araşdırır.
Qeyd edək ki, Citigroup-un səhmləri ikinci rüb nəticələrinin Wall Street proqnozlarını üstələməsi və bankın ən azı 4 milyard ABŞ dolları dəyərində səhmlərini geri alma planını açıqlamasından sonra 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatıb.





