
Dünya Bankının “Qlobal iqtisadi perspektivlər” (Global Economic Prospects, January 2026) hesabatının yanvar buraxılışı dərc edilib. Hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, qlobal iqtisadiyyat artan ticarət məhdudiyyətləri və tariflər fonunda gözləniləndən daha dayanıqlı inkişaf nümayiş etdirsə də, mövcud artım templəri uzunmüddətli və inklüziv inkişaf üçün kifayət etmir.
Onun sözlərinə görə, hesabatda qlobal ÜDM artımının 2025-ci ildəki 2,7%-dən 2026-cı ildə 2,6%-ə enəcəyi, 2027-ci ildə isə yenidən 2,7%-ə yüksələcəyi proqnozlaşdırılır. 2026-cı il üzrə proqnoz əvvəlki (iyun) qiymətləndirmələrlə müqayisədə 0,2 faiz bəndi artırılıb, 2025-ci il üzrə artım isə əvvəlki proqnozları 0,4 faiz bəndi üstələyib.
Dünya Bankının qiymətləndirməsinə əsasən, bu müsbət korrektənin təxminən üçdə ikisi ABŞ iqtisadiyyatının gözləniləndən daha güclü inkişafı ilə bağlıdır. ABŞ üçün ÜDM artımı 2026-cı ildə 2,2%, 2025-ci ildə isə 2,1% səviyyəsində proqnozlaşdırılır ki, bu da əvvəlki qiymətləndirmələrdən müvafiq olaraq 0,2 və 0,5 faiz bəndi yüksəkdir.
2025-ci ilin əvvəlində tariflərdən yayınmaq məqsədilə idxalın sürətləndirilməsi ABŞ iqtisadi artımına müəyyən mənfi təsir göstərsə də, 2026-cı ildə vergi təşviqlərinin genişləndirilməsi iqtisadi fəallığı dəstəkləyəcək. Bununla yanaşı, tariflərin investisiya və istehlaka mənfi təsiri qalmaqda davam edəcək.
Hesabatda inkişaf etməkdə olan və inkişaf edən iqtisadiyyatlarda artım tempinin 2025-ci ildəki 4,2%-dən 2026-cı ildə 4,0%-ə enəcəyi qeyd olunur. Çin istisna olmaqla, bu ölkələr qrupu üzrə iqtisadi artımın həm 2025-ci, həm də 2026-cı illərdə 3,7% səviyyəsində qalacağı proqnozlaşdırılır. Çin iqtisadiyyatında isə artımın 2025-ci ildə 4,9%-dən 2026-cı ildə 4,4%-ə enəcəyi gözlənilir. Bununla belə, fiskal stimulların genişləndirilməsi və ABŞ-dan kənar bazarlara ixracın artması səbəbindən Çin üzrə proqnoz göstəriciləri əvvəlki qiymətləndirmələrlə müqayisədə 0,4 faiz bəndi daha yüksək müəyyən edilib.
Avrozonada iqtisadi artımın 2026-cı ildə 2025-ci ildəki 1,4%-dən 0,9%-ə enəcəyi proqnozlaşdırılır, lakin 2027-ci ildə Avropada müdafiə xərclərinin artması fonunda iqtisadi artımın 1,2%-ə qədər bərpa olunacağı gözlənilir. Yaponiya iqtisadiyyatında isə 2026-cı ildə artımın 0,8% təşkil edəcəyi bildirilir (2025-ci ildə 1,3%), 2027-ci ildə də artımın 0,8% səviyyəsində qalacağı proqnozlaşdırılır ki, buna səbəb kimi istehlakın və investisiyaların zəifləməsi göstərilir.
Rəşad Nəcəfli qeyd edib ki, mövcud qlobal iqtisadi mənzərə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün struktur islahatların sürətləndirilməsini, investisiya mühitinin yaxşılaşdırılmasını və məhsuldarlığın artırılmasını əsas prioritetlərə çevirir və yalnız bu halda orta və uzunmüddətli dövrdə dayanıqlı və inklüziv iqtisadi artıma nail olmaq mümkün ola bilər. Qeyd olunan bütün proqnoz göstəricilər Dünya Bankının “Global Economic Prospects, January 2026” rəsmi hesabatının statistik əlavəsinə əsaslanır.
Mənbə: https://www.worldbank.org/en/publication/global-economic-prospects







