Dünyanın ən böyük françayzinq şirkətləri açıqlanıb

Amerikan biznes jurnalı “Entrepreneur” tərəfindən hər il hazırlanan “Franchise 500” hesabatının 2021-ci ilə olan nəticələri açıqlanıb.

Hesabata istinadən, 2019-cu ildə dünyanın ən prestijli françayzinqi beynəlxalq “fastfood” restoranlar şəbəkəsi olan “McDonalds” 2020 və 2021-ci illərdə kəskin geriləyərək on birinci yerdə qərarlaşıb. 1955-ci ildə françayzinq fəaliyyətinə başlayan şirkət hal-hazırda 39 mindən çox restorana sahibdir. Bu restoranların 23 min 196-sı  ABŞ ərazisindən kənarda fəaliyyətdədir. Cari dövrdə “McDonalds” restoranı açmaq üçün 1.314-2.306 milyon dollar arası ilkin investisiya və 500 min dollar həcmində nağd vəsait tələb olunur. Françayzinq rüsumu isə 45 min dollardır.

“Dunkin’ Donuts” “fastfood” şəbəkəsi siyahıda ikinci yerdə qərarlaşıb. 1950-ci ildən fəaliyyət göstərən bu şəbəkənin ümumi bazar dəyəri 5 milyard dollardan yüksəkdir. Şirkətin ABŞ-da on minə yaxın, digər ölkələrdə isə 3528 restoranı mövcuddur. Françayzinqin əldə edilməsi üçün minimal 430 min, maksimal 1 milyon 800 min dollar investisiya və 250 min nağd pul vəsaiti tələb edilir. Şirkət hazırda 32 ölkədə fəaliyyət göstərir.

Siyahıda liderlik isə “Meksika brendi olan “Taco Bell” restoranlar şəbəkəsinə məxsusdur. 1964-cü ildən françayzinq xidmətləri təklif edən şirkət hazırda 642-si ABŞ-dan kənarda olmaqla, 7493 restorana sahibdir. “Taco Bell” restoranı açmaq üçün minimum 575 min, maksimum 3.3 milyon dollar həcmində ilkin investisiya, eləcə də 750 min nağd vəsait gərəklidir.

Sıralamada ilk beşlik “The UPS Store”($185 min- $474 min), “Popeyes” ($384 min- $3.5 milyon) və “Culver’s”($2.4 milyon- $5.4 milyon) şirkətləri ilə tamamlanır.

Məlumat üçün qeyd edək ki, “Franchise 500” hesabatı françayzinq xidmətləri təklif edən şirkətlərin təyin etdiyi qiymətlər və rüsumlar, şirkətin həcmi, inkişaf tempi, xidmətlərindən istifadə edən sahibkarlara qarşı dəstəyi, brendinin gücü və maliyyə stabilliyi əsasında tərtib edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır