2
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi
(ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında
məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib. Bu təşəbbüs, dövlət
informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal
xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil
məlumatlarının təqdim olunması məqsədini daşıyır. Rəqəmsal İnkişaf Konsepsiyasının
Tədbirlər Planının 1.1.4-cü bəndinə uyğun olaraq, ilkin mərhələdə son 15 ilə aid
diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində İRİA-nın iştirakı ilə
genişmiqyaslı texniki və analitik işlər həyata keçirilir. Növbəti mərhələdə əsas hədəf
bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu
istiqamətdə də hazırda planlaşdırma işləri aparılır.
Dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların
reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd
edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsas
hissəsidir.
İRİA-nın həyata keçirdiyi texniki təhlil nəticəsində ETN və DİM tərəfindən təqdim
edilmiş 1,6 milyondan artıq diplom və FİN məlumatı analiz edilib. Diplom məlumatları
üzərində həyata keçirilən dürüstləşdirmə və zənginləşdirmə işləri nəticəsində ETN-də
diplom məlumatlarının keyfiyyət göstəricisi 90%-ə çatdırılıb. Eyni zamanda 50,000-
dən çox diplom məlumatı işlənməsi üçün DİM-ə təqdim olunub.
Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək,
uyğunsuzluqları aradan qaldırmaqdır. Eyni zamanda, bu tədbirlər “mygov”
platformasına ötürülən məlumatların düzgünlüyünü də təmin etməklə vətəndaşlara
göstərilən elektron xidmətlərin keyfiyyətini yüksəltmiş olur. Məlumatların
uyğunlaşdırılması və vahid sistemə inteqrasiyası həmçinin ETN və DİM arasında
informasiya axınının dəqiqliyini və çevikliyini təmin edir. Bu da gələcəkdə məlumatların
analitik təhlilini, inteqrasiyasını və qərarların daha məlumatlı şəkildə verilməsini
mümkün edəcək.
Bununla yanaşı, “Rəqəmsal Məktəb” layihəsi çərçivəsində cari təhsilalan şagirdlərin
valideyn məlumatlarının dürüstləşdirilməsi istiqamətində də işlər görülüb. ETN
tərəfindən təqdim olunan 387,850 nəfər şagirdə dair məlumatın 88%-i eyniləşdirilib, bu
məlumatların isə 78%-i yoxlanılması üçün ETN-ə qaytarılıb. Bu proses valideyn
məlumatları əsasında təhsil sistemində avtomatlaşdırılmış xidmətlərin qurulması və
idarəetmənin optimallaşdırılması məqsədi daşıyır.
Bütün bu tədbirlərlə yanaşı, vətəndaş məmnunluğunu artırmaq və onlara daha
operativ informasiya dəstəyi göstərmək məqsədilə Elm və Təhsil Nazirliyi üçün süni
intellekt əsaslı çatbot hazırlanıb. Hazırda test mərhələsində olan bu sistem
magistratura və doktoranturaya qəbul, müəllimlərin işə qəbulu, məktəbəqədər hazırlıq
və Respublika Fənn Olimpiadası kimi mövzularda tez-tez verilən sualları
cavablandırmaq imkanına malikdir. Çatbot 24/7 rejimində fəaliyyət göstərəcək və
rəsmi mənbələrə əsaslanan məlumatların vətəndaşlara çatdırılmasını təmin edəcək.
Gələcək mərhələdə çatbotun funksionallığının daha da genişləndirilməsi və digər
sahələr üzrə də vətəndaşlara dəstək göstərməsi nəzərdə tutulur.