
Azərbaycanda fəaliyyət göstərən iri mühəndislik şirkəti – “Encotec” QSC-nin səhmdar strukturunda dəyişikliklər qeydə alınıb.
Əldə olunan məlumata görə, əsas səhmdar Emin Əliyevin payı 60%-dən 53%-ə, ikinci ən iri səhmdar Elxan Hüseynovun payı isə 30%-dən 27%-ə enib.
Bununla yanaşı, İsmayıl Əlizadə şirkətdəki payını 10%-dən 20%-ə yüksəldərək səhmdarlar arasında ən böyük artımı əldə edib. Belə ki, o, E. Əliyevdən 140, E. Hüseynovdan isə 60 pay alaraq ümumilikdə payını 200-ə çatdırıb.
Maliyyə göstəricilərinə gəlincə, “Encotec” QSC 2024-cü ili 10,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu rəqəm, 2023-cü ildə qeydə alınmış 5,1 milyon manatlıq mənfəəti təqribən iki dəfə üstələyib.
Şirkətin gəlirləri də əhəmiyyətli artım nümayiş etdirib – 2023-cü ildə 24,4 milyon manat olan gəlir, 2024-cü ildə 38,9 milyon manata yüksəlib ki, bu da illik müqayisədə 59,4%-lik artım deməkdir. Satışın maya dəyəri 21,8 milyon manat təşkil edib və nəticədə ümumi mənfəət 17,1 milyon manata çataraq ötən illə müqayisədə 89,6% yüksəlib.
Eyni zamanda, əməliyyat mənfəəti 13,1 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təqribən 115%-lik artım deməkdir.




