Home » Fermerlər üçün mövcud maliyyə məhsulları

Fermerlər üçün mövcud maliyyə məhsulları

by bbnadm
0 rəy 5 baxış 7 dəqiqə oxuma

Hər il olduğu kimi, yeni 2021-ci ilin başlanması ilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər üçün də yaz mövsümünə hazırlığın başlanması deməkdir. Gələcək məhsulun bol və keyfiyyətli olması bu yazqabağı proseslərin necə aparılmasından çox asılıdır. Təchizat vasitələrinin alınması, torpağa qulluq və digər aqrotexniki işlərin vaxtında görülməsi fermerlərə bazarın tələblərinə uyğun məhsul yetişdirməyə və yaxşı qiymətə satmalarına imkan verir. Bu işlərin görülməsi üçün, adətən, fermerlərin maliyyəyə ehtiyacları olur və banklar da uyğun maliyyə məhsullarından istifadə edərək bu ərəfədə fermerlərin maliyyə ehtiyaclarının ödənilməsinə diqqət yetirirlər. Maliyyə institutları kənd təsərrüfatının maliyyələşməsində həmişə böyük rol oynayırlar, çünki yetərincə maliyyələşmə olmadan ərzaq məhsullarına artan tələbatı ödəmək mümkün deyildir, eynilə inkişaf etməkdə olan maliyyə texnologiyaları və müasir reaıllıq da banklardan maliyyə məhsullarının çeşidinin artırılmasını labüd edir. Həmçinin, maliyyə institutları kənd təsərrüfatı haqqında biliklərini dərinləşdirməklə bu sahəyə lazım olan vaxtda – yeni mövsümə hazırlıq dövründə və ən uyğun məhsul çeşidlərini təklif edirlər. Üstəlik, davam edən Covid-19 pandemiyasının da kənd təsərrüfatına və ümumiyyətlə insanların həyat tərzlərinə təsirini də nəzərə almaq lazımdır. Belə ki, bütün dünyada pandemiyanın təsiri altında iqtisadi fəaliyyət və əlaqələr zəifləmiş, hətta inkişaf etmiş ölkələrdə belə ÜDM-nin həcmi aşağı düşmüşdür. İqtisadiyyatın əsas sahələrindən biri olan kənd təsərrüfatı isə nəinki dayanıqlı olmuş, hətta inkişafını da davam etdirmişdir. Bunu, Dövlət Statistika Komitəsinin məlumatı əsasında, Azərbaycanda 2020-ci ilin sonu üçün ÜDM və kənd təsərrüfatı məhsullarının istehsalı barəsində olan statistik məlumatlardan da aydın görə bilərik:

2020-cu il üzrəMəbləğ, mln AZNMəbləğ, mln ABŞ Dolları2019-ci ilə nisbətən artım (azalma), %
ÜDM72 432.242 607.2-4.3%
Kənd təsərrüfatı, istehsal8 428.94 958.22.0%
o cümlədən bitkiçilik4 028.42 369.60.8%
o cümlədən heyvandarlıq4 400.52 588.53.1%

           (https://www.stat.gov.az/news/macroeconomy.php?page=1)

Kənd təsərrüfatının belə dayanıqlı olması və COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlər fonunda davamlı inkişaf etməsi bir daha sübut edir ki, istənilən vəziyyətdə insanların ərzaq təminatı həmişə vacib və aktual məsələ olaraq qalacaqdır. Bu sahənin isə dövri olaraq hər mövsümdə maliyyəşməyə ehtiyacı vardır, lakin təəsüf ki, fermerlərin maliyyə resurslarına çıxışının çətinliyi həmişə gündəmdə olaraq qalır. Bununla belə, ölkəmizdə maliyyə institutları tərəfindən kənd təsərrüfatına yönəlmiş bir çox maliyyə məhsulları təqdim olunur və onların demək olar ki, əksəriyyəti (bəzi dövlət fondlarını nəzərə almadan) təminat əsaslı (asset based finincing) məhsullardır. Gəlin onları nəzərdən keçirək:

1.   Dövriyyə kapitalının maliyyələşməsi – qısa müddətli kreditlər olmaqla, 12 aya qədər müddətə verilir və fermerlərin mövsümdən əvvəl və məhsul yetişib satılana qədər mövsüm boyu çəkiləcək təchizat və digər əməliyyat xərclərini maliyyələşdirmələrinə xidmət edir. 

2.   Əsas vəsaitlərin maliyyələşdirilməsi – adətən, uzun müddətli (5 -7 il) kreditlər olmaqla, əsasən müasir texnika və texnologiyaların alınmasına, yeni intensiv bağların salınmasına və digər investisiya yönümlü xərclərin maliyyələşməsinə yönəldilir.

3.   Ticarətin maliyyələşməsi, lizinq, faktorinq, invoysun maliyyələşməsi və qarantiyalar kimi maliyyə məhsulları da bazarda mövcuddur və daha böyük və ya idxal-ixracla məşğul olan müəssisələr üçün nəzərdə tutulur.

Burada kənd təsərrüfatına xas olan risk faktorlarına da nəzər salaq, cünki maliyyə institutlarının fermerləri məhz ehtiyatla maliyyələşdirilməsinin bir sıra səbəbləri bu faktorlarla bağlıdır. Bu risklərə, əsasən, təbitətlə bağlı istehsal riskləri (quraqlıq, daşqınlar və zərərvericilər), təminatla bağlı riskləri (fermerlərin girov təminatının zəif olması, torpaq və ya digər aktivlərin dəyərinin və likvidliyinin aşağı olması, və ya heç olmaması), habelə bazar risklərini (qiymətlərin dəyişkən olması) aid edə bilərik. Məhz bu kimi risklərdən gorunma mexanizmlərinin (hedging) işlənib hazırlanması, hər növ kənd təsərrüfatı əməliyyatlarına uyğun (verilmə vaxtı, məbləğ və risklər nəzərə alınmaqla) maliyyə məhsullarının hazırlanaraq təklif edilməsi fermerlərin maliyyə resurslarına çıxışını təkmilləşdirər: daha çox fermerlər, vaxtında və lazımi məbləğdə maliyyə əldə edə bilərlər: bu isə yerli bazarın və ya ixrac bazarlarının daha çox və keyfiyyətli məhsulla təmin edilməsi deməkdir. Kənd təsərrüfatında sığorta sisteminin və müqavilə əsaslı təsərrüfatçılığın tətbiq edilməsi də fermerlərin maliyyələşməsində əhəmiyyətli rol oynayacaqdır.

Burada IFC-nin bir sıra yerli banklara göstərdiyi məsləhət xidmətləri əsasında yerli bazarda da tətbiq edilməyə başlayan dəyər zənciri maliyyələşməsi yanaşmasını qeyd edə bilərik. Kənd təsərrüfatınnın dəyər zəncirləri vasitəsilə maliyyələşdirilməsi dünyada geniş tətbiq edilərək bu sahəyə xas olan risklərin bir çoxunu azaltmağa imkan verir (müqavilə əsaslı stabil satış, sabit qiymət, keyfiyyət standartları və təcrübə) və bu yanaşmada bankların adətən üstünlük verdikləri sərt təminat və digər tələblərində yüngülləşməsi müşahidə edilir. Belə ki, çox sayda dəyər zəncirləri ixrac yönümlü məhsulların yetişdirilməsi və satışı ilə məşğul olduqlarından gəlirlər də xarici valyutada olur və bu da banklara imkan verir ki, onları xarici valyutada maliyyələşdirsinlər. Həmçinin, banklar və digər kredit təşkilatları da öz kredit protfellərini və müştərilərin sayını artırmaq üçün yeni imkan əldə edirlər. Dəyər zəncirinin bir üzvünə kredit verərkən tam zəncir təhil edildiyindən həmin zəncirin bütün üzvlərini yeni müştərilər kimi cəlb etmək  mümkün olur. Dəyər zəncirinin maliyyələşməsi, maliyyə resurslarının kənardan dəyər zəncirinə və zəncir daxilində iştirakçılar arasında axını kimi başa düşülür. Dəyər zəncirləri iki formada maliyyələşdirilə bilər: daxili və xarici maliyyələşmə:

  • Daxili maliyyələşmə dəyər zəncirinin daxilində baş veririr və maliyyələşmə zəncirin hər hansı üzvü tərəfindən aparılır; məsələn, ilkin istehsal vasitələrinin təchizatçıları fermerlərə toxum, gübrə və kimyəvi maddələri nisyə satış etdikdə, emal şirkəti zəncirin aparıcı iştirakçısı kimi digər üzvlərə avanslar verir və s.
  • Xarici maliyyələşmə dəyər zəncirinə kənardan edilən maliyyələşmədir; məsələn bank və ya digər kredit təşkilatı fermerə satış müqaviləsi əsasında və ya etibarlı anbarın qəbzi əsasında kredit verir. Dəyər zəncirinin hər bir iştirakçısı ayrı–ayrılıqda da kənardan maliyyələşmə ala bilər.

Dəyər zənciri maliyyələşməsi, ənənəvi maliyyələşmə ilə müqayisədə, daha əhatəli yanaşma kimi xarakterizə edilə bilər. Dəyər zənciri maliyyələşməsində zəncir və iştirakçıları arasında olan əlaqələr tam bir sistem kimi təhlil edir. Dəyər zəncirlərinin inkişafında əldə ediləcək nailiyyətlər maliyyə təşkilatlarının kredit portfelinin, uğurlu müştəri sayının artmasına və gəlirlik hədəflərinə nail olmasına gətirib çıxarır. 

Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fermerlərə və müəssisələrə istər ənənəvi maliyyələşmə, istərsə də dəyər zənciri maliyyələşməsi tətbiq edildikə maliyyələşmənin vaxtında verilməsi, nağd pul axınına əsaslanmış ödənişlərlə və tələb olunan əməliyyata uyğun məhsulların təklif edilməsi həm maliyyə təşkilatının, həm də kənd təsərrüfatı iştirakçısının uğur qazanmasını şərtləndirən mühüm amillərdir. Yaz mövsümü qabağı, fermerlərin maliyyələşməsi və nəticədə məhsul istehsalında uğurlu olmaları üçün çox vacib bir dövrdür, ona görə də kənd təsərrüfatının maliyyələşdirilməsi ilə məşğul olan maliyyə institutlarını il ərzində verilən bu böyük fürsəti əldən buraxmamağa və kənd təsərrüfatını keyfiyyətli surətdə maliyyələşdirməyə çağırırıq. 

Dünya Bankı Qrupunun (DBQ) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” kənd təsərrüfatı iştirakçılarının müxtəlif maliyyə məhsullarına çıxışının təkmilləşdirilməsi yolu ilə Azərbaycanın kənd təsərrüfatı sektorunun qlobal bazarda rəqabətliliyinin artırılması məqsədini güdür və öz fəaliyyətində yuxarıda göstərilən məsələlərin bəzilərinin həll edilməsi istiqamətində maliyyə təşkilatları və kənd təsərrüfatı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Burada mühüm vəzifə (a) maliyyə təşkilatlarının kənd təsərrüfatını maliyyələşdirməsi üçün onların  imkanlarının genişləndirilməsi və (b) kənd təsərrüfatı istehsalçılarının bazara daha rəqabətli və daha yüksək dəyər qatılmış məhsul çıxarması yolu ilə onların da maliyyə təşkilatları üçün uğurlu müştərilərə çevrilməsidir.

  1. Andriy Zaripov – IFC aqro-maliyyə və aqro-sığorta məsələləri üzrə ekspert;
  2. Şamil Qədirov – IFC Azərbaycan İnvestisiya Mühiti və Kənd Təsərrüfatının Rəqabətliliyi Layihəsinin maliyyə məsləhətçisi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.