
Fitch Ratings 2026-cı ildə Azərbaycanın real ÜDM-nin 2,5 faiz artacağını proqnozlaşdırır. Agentlik hesab edir ki, bu artım əsasən qeyri-xammal sektorunun inkişafı və irimiqyaslı dövlət investisiyaları hesabına baş verəcək.
Bunu Trend-ə “Fitch”in “Sovereigns and Supranationals” bölməsinin direktoru Arvind Ramakrishnan bildirib.
Onun sözlərinə görə, artım Azərbaycanın orta müddətli iqtisadi potensialına uyğun olaraq qeyri-neft sektorunun genişlənməsi və dövlət investisiyaları sayəsində təmin olunacaq. Neft hasilatındakı azalma davam etsə də, təbii qaz istehsalı iqtisadiyyata dəstək rolunu oynayacaq.
“İKT və nəqliyyat sahələrində artım üçün yaxşı perspektivlər mövcuddur. Nəqliyyat sektorunda əsas dəstək amilləri dövlət investisiyaları və Orta Dəhliz çərçivəsində həyata keçirilən tranzit əməliyyatlarıdır. Qeyri-neft sektorunun inkişafına Qarabağda aparılan bərpa işləri də mühüm təsir göstərib. Lakin əsaslı xərclərin pik həddinə çatması ilə bu təsirin tədricən zəifləyəcəyi gözlənilir”, – deyə Ramakrishnan vurğulayıb.
“Fitch” həmçinin 2026-cı ildə Azərbaycanın konsolidə edilmiş büdcəsində ÜDM-in 0,3 faizi həcmində profisit olacağını, 2027-ci ildə isə profisitin cüzi kəsirlə əvəzlənəcəyini proqnozlaşdırır.
Azərbaycan “BBB-” səviyyəli investisiya reytinqini sabit proqnozla qoruyub saxlayır. Bu reytinq ölkənin davamlı xarici balansı və aşağı dövlət borcu ilə dəstəklənir. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Fondu və dövlət depozitlərinin əhəmiyyətli aktivləri maliyyə sabitliyinə mühüm töhfə verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən proqnozlara əsasən, 2026-cı ilin sonuna ÜDM-in 134,1 milyard manat, qeyri-neft-qaz ÜDM-in isə 101,7 milyard manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə bu göstəricilərin müvafiq olaraq 161,8 milyard manat və 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi-nin məlumatına görə, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur.







