
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi qızılın bahalaşmasının Azərbaycanın xarici maliyyə mövqeyinə və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsirini qiymətləndirib.
BBN.az xəbər verir ki, “Fitch”in məlumatına görə, 2026-cı ilin I rübünün sonuna ARDNF-nin investisiya portfeli 73,5 milyard ABŞ dolları təşkil edib. Bu, agentliyin Azərbaycan üçün 2026-cı il üzrə proqnozlaşdırdığı ÜDM-in 93,2%-nə bərabərdir.
Qızıl Fondun investisiya portfelinin ən böyük komponenti olmaqla 36%-lik paya malikdir. 2023-cü ildən 2026-cı ilin I rübünün sonunadək qızıl ehtiyatları ARDNF aktivlərinin 19,4 milyard dollar artmasına birbaşa töhfə verib. Bu artımın 26%-i qızıl ehtiyatlarının fiziki həcminin artması hesabına formalaşıb.
“Fitch” qeyd edir ki, Azərbaycanın “BBB-” suveren reytinqi ARDNF-nin iri həcmli aktivləri hesabına xarici maliyyə göstəriciləri üzrə əlavə üstünlük əldə edir. Fondun aktivləri ölkənin xarici valyuta likvidliyini və xalis xarici kreditor mövqeyini dəstəkləyir.
Agentliyin qiymətləndirməsinə görə, qızılın bahalaşması ARDNF aktivlərinin həcminə müsbət təsir göstərsə də, bu təsir qızıl ehtiyatlarının fiziki həcmindəki dəyişikliklərlə qismən kompensasiya oluna bilər. “Fitch” buna nümunə olaraq ARDNF-nin portfeli yenidən balanslaşdırmaq məqsədilə 2026-cı ilin yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsini satmasını göstərib.
Bununla belə, “Fitch” yüksək qızıl qiymətlərinin Azərbaycanın reytinqini dəstəklədiyini, lakin bunun yaxın perspektivdə reytinqin yüksəldilməsinə səbəb olmasının ehtimalının az olduğunu bildirib.
Hesabata əsasən, 2025-ci ilin sonunda qızıl Azərbaycanın suveren xarici aktivlərinin 32,2%-ni, ölkənin mal ixracının isə 0,2%-ni təşkil edib.
Agentlik hesab edir ki, xarici aktivlərində qızıl saxlayan ölkələrdə qızıl qiymətlərinin kəskin azalması aktivlərin strukturunun dəyişdirilməsinə səbəb ola və qiymət enişindən yaranan riskləri qismən yumşalda bilər.





