“Ford” ən böyük zavodunun tikintisinə başlayır

Amerikan avtomobil nəhəngi “Ford Motor Company” 118 illik tarixində ən böyük avtomobil zavodunun tikintisinə başlayır. Cənubi Koreyanın “SK İnnovation” şirkəti ilə tərəfdaşlıq çərçivəsində start verilən layihə “Ford” şirkətinə məxsus elektriklə işləyən avtomobillərin və onlar üçün hazırlanan batareyaların istehsalına fokuslanacaq.

İki şirkətin 11.4 milyard dollarlıq birgə investisiyası ilə tərtib edilən layihə əsasında Tennessee şəhərində elektriklə işləyən avtomobil, Kentucky şəhərində isə litium-ion batareyaları istehsal edən zavodlar inşa ediləcək. Zavodların inşasının tamamlanması 2025-ci ilə proqnozlaşdırılır.

Tennessee şəhərində inşası planlaşdırılan elektromobil zavodu “Blue Oval City” adlandırılacaq və bu zavodda təqribi 6 minə yaxın yeni iş yeri yaradılacaq. 5.8 milyard dollara tikintisi planlaşdırılan batareya zavodunda isə 5 minə yaxın işçi çalışacaq.

Qeyd edək ki, “Ford” şirkəti avtomobil bazarında böyük paya sahib olsa da, elektromobil istehsalında rəqabətdən qismən geri qalır. Bununla belə, şirkət 2025-ci ilə qədər elektromobil istehsalına 30 milyarda yaxın investisiya yatıracağını və istehsalının 40%-dən çoxunu elektromobillərin təşkil edəcəyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır