“Fujifilm” markalı fotoaparatların istehsalçısı olan “Fujifilm Holdings”in törəmə qurumu olan “Fujifilm Toyoma Chemical” zavodlarının istehsal həcmini qısa müddətdə artırmağı planlaşdırır. Belə ki, Yaponiya mərkəzli şirkət testlər nəticəsində influenza və ebola ilə mübarizədə effektiv olan “Favipiravir” preparatının koronavirus üzərində də təsirli olduğunu ortaya çıxarıb. Zavodların istehsal həcmini artırmaqla şirkət digər bir adı “Avigan” olan bu dərman vasitələrindən iyul ayında 100 min, sentyabr ayında isə 300 min (2.5 dəfə çox) ədəd istehsal etməyi planlaşdırır.
Yaponiya hökuməti koronavirusla mübarizə üçün tədbirlər paketində “Avigan” preparatlarının istehsalı üçün “Fujifilm Toyota Chemical” zavodlarına maliyyə vəsaiti ayıracağını qeyd edib. Bununla yanaşı, dərman vasitəsinin koronavirusa qarşı effekti öyrənildikdən dərhal sonra “Fujifilm” şirkətinin səhmləri 15.43% bahalaşaraq 5238 yapon yeninə yüksəlib. Hal-hazırda isə səhm qiymətinin 5383 yapon yeni dəyərində olması zavodun istehsal yükünün artırılmasına imkan tanıyır.
Qeyd edək ki, bir müddət əvvəl Yaponiya hökuməti onlara müraciət edən 30-a yaxın ölkəni “Avigan” preparatları ilə ödənişsiz təmin edəcəklərini açıqlayıb.