ABŞ-da uzun müddətdir ki fəaliyyət göstərən və avtomobil icarəsi sahəsində nəhəng şirkətlərdən olan “Hertz Corporation” elektromobil istehsalçısı “Polestar” ilə əməkdaşlıq çərçivəsində 65 min ədəd elektriklə işləyən avtomobil sifariş edəcək. “Hertz”in icarə avtomobillərini elektromobillərlə əvəz etməyi planlaşdırması layihəsi çərçivəsində həyata keçiriləcək bu satınalmanın ümümi məbləği açıqlanmasa da, “Polestar 2 sedan” markalı elektromobilin qiymətinin 49 min dollar civarında olduğunu nəzərə alsaq, ümumilikdə 3.18 milyard dollara yaxın bir rəqəmin elan edilməsi gözlənilir.
Qeyd edək ki, bir müddət öncə müflisliyin astanasından dönən “Hertz” şirkəti elektromobilləşdirmə layihəsi çərçivəsində “Tesla” şirkətindən 100 min ədəd avtomobil sifariş edib. 4.2 milyard dollara başa gələn bu qərar nəticəsində şirkət müflislikdən çıxa bilib və səhm dəyəri 10%-dən çox artaraq 27.17 dollar olub. Daha sonra isə “Hertz” , “Knighthead Capital Management” və “Certares Management” investisiya şirkətləri başda olmaqla, bir sıra şirkətlərdən ümumilikdə 5.9 milyard dollar məbləğində investisiya cəlb edib.