
Azərbaycanın ÜDM artımı ortamüddətli perspektivdə ildə orta hesabla 2,5% səviyyəsində proqnozlaşdırılır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur “Report”un sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə artım tempi 2024-cü illə müqayisədə yavaşlayaraq 3%-ə enəcək. Bu, karbohidrogen sektoruna dövlət investisiyalarının tədricən azalması ilə əlaqədardır.
“Ortamüddətli dövrdə iqtisadi artım ildə orta hesabla 2,5% səviyyəsində gözlənilir. İnflyasiya nəzarət altındadır və Mərkəzi Bankın müəyyən etdiyi hədəf göstəriciləri daxilində qalır”, – C.Azur qeyd edib.
IMF rəsmisi əlavə edib ki, ticarət profisitinin azalması Azərbaycanın xarici iqtisadi mövqelərinə təsir göstərə bilər.
“Risklər nisbətən balanslaşdırılmış olaraq qalır. Əsas risklərdən biri neft və qazın mümkün ucuzlaşması, digəri isə regional gərginliyin artması və bunun iqtisadiyyata təsiridir. Bununla yanaşı, qeyri-karbohidrogen sektorundakı fəaliyyətin zəifliyi də iqtisadi artıma mənfi təsir göstərə bilər”, – deyə Cihad Azur vurğulayıb.







