Mərkəzi Bank tərəfindən kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə maarifləndirmə tədbirləri davam etdirilir. Biznes subyektlərinin kapital bazarı vasitəsilə maliyyələşməsinin təşviqi və kapital bazarının imkanları haqqında məlumatlılığın artırılması məqsədi daşıyan “İnvestisiya səyahəti” layihəsi davam etdirilməkdədir. Bu istiqamətdə Mərkəzi Bank, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə “İnvestisiya səyahəti” çərçivəsində sahibkarlarla səkkizinci görüş 16 iyun 2023-cü il tarixində Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Tədbirdə kapital bazarı üzrə ekspertlər tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və Bakı Fond Birjasında listinqin üstünlükləri çatdırılmışdır. Eyni zamanda investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparılmış və maliyyələşmə imkanları dəyərləndirilmişdir.
Mərkəzi Bank, KOBİA və kapital bazarı iştirakçılarının birgə təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda tədbirlər davam etdiriləcək.