İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Estoniyanın “Digital Nation” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Rəqəmsal Transformasiya üzrə Rəhbər” adlı təlim proqramına start verilib. Qeyd edək ki, “Digital Nation” rəqəmsal idarəetmə həlləri üzrə Avropanın qabaqcıl şirkətləri sırasında yer alır.
Dörd günlük sessiyalardan ibarət proqram rəqəmsal hökumət istiqamətində vörkşoplar, layihələr üzərində komanda işi, beynəlxalq təcrübənin öyrənilməsi və xarici ekspertlərlə əlaqə imkanlarını özündə birləşdirir. Proqramda dövlət orqanlarının (qurumlarının) 40-dan çox rəhbər nümayəndələri iştirak edəcəklər. Rəqəmsal hökumət sahəsində Avropanın qabaqcıl ekspertləri tərəfindən proqram iştirakçılarına rəqəmsal transformasiya sahəsində praktiki alətlər və effektiv metodlar öyrədiləcək. Təlimlər nəticəsində rəhbər şəxslərdən ibarət qruplar rəqəmsal transformasiya sahəsində liderlik bacarıqları və bütün dövlət xidmətləri və rəqəmsal həllərinin tətbiqi üzrə geniş təsəvvür əldə edəcəklər. Hər bir dövlət orqanının (qurumun) nümayəndələri üçün məsul olduqları sahələrdə rəqəmsal transformasiya proseslərinə rəhbərlik etmək üçün fərdi inkişaf planları yaradılacaq.
Qeyd edək ki, 15 noyabr 2023-cü il tarixində proqram çərçivəsində “Rəqəmsal Azərbaycan: Reallaşdırılması üçün vacib addımlar və strategiyalar” mövzusunda açıq müzakirə keçirilib. Müzakirələr Rəqəmsal Estoniyanın qurucuları və ölkənin rəqəmsallaşmasında uğur hekayəsi yazmış 2 hökumət üzvü Siim Sikkut və Taavi Linnamae ilə baş tutub.
Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Akademiya Proqramının rəhbəri Aleksey Qusev rəqəmsal transformasiyanın önəmindən və proqramın missiyasından bəhs edib:
“Bu açıq müzakirə dövlət sektorunda rəqəmsal bacarıqları təkmilləşdirmək məqsədilə atılan ilkin addımdır. Burada dövlət sektoru ilə yanaşı, milli iqtisadiyyat üçün rəqəmsallaşmanın faydalarından söz açırıq. Məqsədimiz qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirmək və onu tərəfdaş qurumlarımız üçün əlçatan etməkdir.
“Rəqəmsal Transformasiya üzrə rəhbər” proqramı, nazirliklər və agentliklərin rəqəmsal layihələrə addım atmaq üçün bəldəçi məqsədi olduğunu deyə bilərik. Sözügedən proqram noyabr və dekabr ayları üçün hər birində yalnız 2 gün olmaqla fəaliyyətə başlayır. Növbəti ildən isə proqramın daha geniş iştirakçı kütləsinə çatması üçün işlər görüləcək”.
Nəzərinizə çatdıraq ki, 16 noyabr tarixindən start götürən “Rəqəmsal Transformasiya üzrə Rəhbər” proqramının keçirilməsində əsas məqsəd dövlət sektorunda dayanıqlı rəqəmsal transformasiya üzrə təcrübəni inkişaf etdirmək və bu sahədə liderlər qrupunun formalaşdırılmasına təkan verməkdir.