
İcbari Sığorta Bürosu (İSB) sərnişinlərin icbari fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlayıb.
BBN.az xəbər verir ki, bunu Büronun icraçı direktoru Vüsal Məsiyev hesabat konfransında bildirib.
Onun sözlərinə görə, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə hazırlanıb və həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını əhatə edir:
“Düşünürük ki, bu ilin sonunadək müəyyən mexanizmlər tətbiq olunacaq”.
V.Məsiyev bildirib ki, layihələr sərnişin daşıyan nəqliyyat vasitələrinin – avtomobil, dəmir yolu və hava nəqliyyatının – icbari fərdi sığortası üzrə vahid və rahat mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, məqsəd inteqrasiyaları tamamlamaqla sığorta prosesini daha əlçatan və operativ etməkdir:
“İstəyirik ki, sərnişin daşıyan bütün nəqliyyat vasitələri rahat şəkildə sığortalansın və bu sahədə hər hansı problem yaranmasın”.
İcraçı direktor əlavə edib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Mərkəzi Bankla birgə reyestrlərin formalaşdırılması və həmin reyestrlərlə inteqrasiyanı nəzərdə tutan layihələr həyata keçirilir.
“Hazırda Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını daxil etdikdə bütün məlumatlar avtomatik əldə olunur. Eyni yanaşmanı sərnişin daşıyan bütün nəqliyyat vasitələri üzrə də tətbiq etməyi planlaşdırırıq”, – deyə o vurğulayıb.
V.Məsiyev bildirib ki, hazırda İSB-nin fəaliyyətinin təxminən 70 %-i elektronlaşdırılıb:
“‘2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyasında “kağızsız büro” hədəfi nəzərdə tutulub. Bu çərçivədə bütün proseslər elektron formata keçirilir. Lakin elektronlaşma zamanla yenilənmə də tələb edir. Burada vətəndaşların rolu da önəmlidir. Məsələn, şəxsi kabinetlər yaradılır, amma hələ də kağız daşıyıcılarla müraciət etməyə üstünlük verənlər var. 2027-ci ilin sonunadək büronun bütün proseslərinin tam kağızsız formada aparılmasını planlaşdırırıq”.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 147 min manat sığorta haqqı toplanılıb, 82 min manat sığorta ödənişi həyata keçirilib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 16,2 % və 22,8 % çoxdur.
Ötən il bu sığorta növü üzrə toplanan hər 100 manat sığorta haqqının 56,2 manatı ödəniş kimi geri qaytarılıb. 2023-cü ildə bu göstərici 53,2 manat olub.
report





