“ISO 22000: Qida təhlükəsizliyi idarəetmə sistemi” ilə bağlı təlim keçiriləcək

Qida sektorunda fəaliyyət göstərən və bu sahədə yeni fəaliyyətə başlayan kiçik və orta müəssisələrin dinamikası, eləcə də KOB subyektlərinin müvafiq təlimə olan ehtiyacı nəzərə alınaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişafı Mərkəzi tərəfindən “ISO 22000: Qida təhlükəsizliyi idarəetmə sistemi”nə dair onlayn təlim keçiriləcək. 

Fevralın 25-də, saat 15.00-da təşkil olunacaq təlimdə qida sektorunda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri, qida sahəsində sertifikatlaşma ilə maraqlanan şəxslər, eləcə də müvafiq sahədə çalışan dövlət və özəl qurumların əməkdaşları iştirak edə bilərlər. 

Təlim müvafiq sahədə geniş təcrübəyə malik olan Türkiyənin “PGM Project Inspection Engineering & Quality Control Services” şirkətinin eksperti, beynəlxalq sertifikata malik Arzu Yağcı tərəfindən aparılacaq. 

Onlayn təlimə aşağıdakı link vasitəsilə qoşulmaq olar:

https://zoom.us/j/95144835728?pwd=Qm5TNWFaRmUxdFQ5emg0bVVNVklnQT09

İD: 951 4483 5728

Şifrə: 212910

Məlumat üçün bildirək ki, “ISO 22000” – qida zəncirindəki təşkilatların qidanın istehlakı zamanı təhlükəsiz olmasını və qida təhlükəsizliyinə olan təhdidlərə nəzarət etməsi üçün lazımi şərtləri əhatə edən idarəetmə sistemi standartıdır. 1 sentyabr 2005-ci il tarixində Beynəlxalq Standart Təşkilatı (ISO) tərəfindən təsdiq olunmuş “ISO 22000: 2005” standartı qida təhlükəsizliyi sahəsində idarəetməyə dair ilk beynəlxalq standartdır. “ISO 22000” sertifikatı müvafiq sahədə fəaliyyət göstərən şirkətlərə bir sıra vacib üstünlüklər qazandırır. Belə ki, müvafiq sertifikat istehsalın hər mərhələsində risklərin minimuma endirilməsi, istehsal xərclərinin azalması, istehlakçıların qidadan qaynaqlanan problemlərinin qarşısının alınması, istehsal, təchizat, nəqliyyat və s. mərhələlərin iştirakçıları arasında rabitənin qurulması, daha yaxşı anbar nəzarətinin həyata keçirilməsi, resursların israfının minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda “ISO 22000” standartına sahib olan şirkətin beynəlxalq aləmdə rəqabəti daha asan olur, şirkətin istehsal etdiyi məhsullara inam artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır