Bütün növ maliyyə texnologiyaları üzrə fəaliyyət göstərən şirkətləri özündə cəmləşdirən “fintech” konsepsiyası artıq uzun müddətdir ki, bankçılıq sahəsində payını artırmaqdadır. Banklar və digər maliyyə qurumlarını da ənənəvidən rəqəmsallaşmaya sövq edən “fintech”lər qlobal bazarda istehlakçılarla yanaşı investorlarında xüsusi diqqətini cəlb edir.
Avropanın “fintech” sahəsində ən sürətlə irəliləyən lider dövlətlərindən olan İsveçin sözügedən sfera üzrə ən böyük şirkəti “Klarna” da istifadəçi sayını sürətlə artırmaqdadır. 2021-ci ildə gəlirlərini 32% artıraraq 1.42 milyard dollara yüksəldən “Klarna” istifadəçi sayını da 60 milyon nəfər artırıb. 15-dən çox ölkədə fəaliyyət göstərən “Klarna” hazırda 147 milyondan çox istifadəçiyə sahibdir.
Bununla belə, şirkətin mənfəət göstəricisi mənfi tendensiya ilə irəliləməkdədir. “Klarna” 2021-ci ili 730 milyon dollarlıq zərərlə bitirib. Bu isə, 2020-ci ilin zərər göstəricisi ilə müqayisədə 337% çoxdur. Şirkətin zərərə getməsinin əsas səbəbi kimi vaxtı keçmiş kreditlərin həcmində artım göstərilsə də, “BNPL” texnologiyasının tətbiqi səbəbindən iş yükünün və işçi heyətinin artması da xərcləri artıraraq şirkətin zərərə getməsinə səbəb olan amillərdəndir.