“İxrac icmalı”nın fevral sayı təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayı təqdim edilib. İcmalda qeyd olunub ki, 2021-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 146 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 3,7 faiz artıb.

 2021-ci ilin yanvar ayı ərzində Türkiyəyə 52,7 milyon, Rusiyaya 42,8 milyon, İsveçrəyə 10 milyon, Gürcüstana  6,4 milyon və Çinə 4,3  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

 2021-ci ilin yanvar – fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (14,3 milyon ABŞ dolları)  ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 milyon ABŞ dolları) üçüncü olub.

  2021-ci ilin iki ayı ərzində meyvə-tərəvəz ixracı 37 milyon, pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı 3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 1 milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı  1,7 milyon, çay ixracı 760 min ABŞ dolları təşkil edib.

 “İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2021-ci il üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Almeyvə” MMC, “Baku Steel Company”, “Critical Fruit” MMC, “Aqrovest” MMC, “Sun Food” MMC, “Land Lojistic” MMC, “P-Aqro” MMC, “Metal Trader LTD” MMC  və “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə “Socar Polymer” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və “Azərbaycan Hava Yolları” QSC.

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.  “Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.

  Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib. 2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2021-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25  milyon manat təşkil edib.

 “İxrac İcmalı”nda 2021-ci ilin yanvar ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2021-ci ilin yanvar ayında Azexport.az portalına 53,9  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin yanvar ayında Azexport.az portalına ən çox ixrac sifarişi fındıq, toyuq əti, pambıq yağı, toyuq yumurtası, pambıq mahlıcı, biyan kökü, nar şirəsi və toxumu, kərə yağı, sarımsaq, şərab, çay, boya, kosmetik vasitə, xurma, diaqnostika cihazı və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 yanvar tarixinə kimi (49 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 250  milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə  həyata keçirilən qeyri-neft ixracının dəyəri 20,1 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin fevral ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 502,2 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı” ilə iqtisadiislahat.org saytının “İcmallar” bölümündə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır