Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək.

Kibertəhlükəsizliklə bağlı təcrübəsini artırmaq, bu sahədə ixtisaslaşmaq istəyənlər, eləcə də beynəlxalq imtahana hazırlaşanlar vebinarda ödənişsiz iştirak edə bilərlər. Təlimin məqsədi iştirakçıları “CompTİA Security+” əsasında kibertəhlükəsizliyin fundamental bilgiləri ilə tanış etmək, beynəlxalq sertifikatlaşma və yeni kurs barədə məlumatlandırmaqdır.

Vebinarda təlimçi qismində “Eurodesign” şirkətinin şəbəkə və təhlükəsizlik mühəndisi, İKT LAB “CompTİA Security+” instruktoru Ramil Baxşıyev çıxış edəcək. R.Baxşıyev “CompTİA Security+” kursunu Azərbaycan dilində tədris edən ilk və yeganə mütəxəssisdir. O, “CCNP Security”, “Palo Alto PCNSE”, “Huawei WDM” və digər sertifikatlara sahibdir. Təlimin digər spikeri “Eurodesign” şirkətinin korporativ biznes inteqratoru Günel Qənbərova, fəxri qonağı isə İKT LAB Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov olacaq.

19 sentyabr, saat 12:00-da baş tutacaq təlim “Microsoft Teams” proqramı üzərindən keçiriləcək. Vebinarda iştirak etmək istəyənlər https://bit.ly/3heAEtJ keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 “Eurodesign” 20 ildən artıqdır ki İT xidmətlərinin göstərilməsi, sistem inteqrasiyası, İT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb. Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkət biznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya veb-tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir. “Eurodesign” “Cisco”, “Microsoft”, “Oracle”, “IBM”, “Siemens AG”, “HPE”, “Huawei”, “AVAYA” və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır