Home » Koronavirusun kənd təsərrüfatı üçün təsirləri

Koronavirusun kənd təsərrüfatı üçün təsirləri

by bbnadm
0 rəy 0 baxış 5 dəqiqə oxuma

Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusun (COVİD-19) yayılması hökumət tərəfindən müəyyən məhdudlaşdırıcı qərarların qəbul edilməsi ilə səciyyələnmişdir. Bildiyimiz kimi, insanların sıx toplanmasının qarşısının alınması və fiziki təmasların minimallaşdırılması koronavirusun yayılmasının azalmasında əsas addımlardan biri hesab olunur. Ona görə də bu qərarlar nəticəsində ölkəmizdə şəhər və rayonlara girişə və çıxışa  qoyulmuş məhdudiyyətlə yanaşı, toyların və digər mərasimlərin keçirilməsinə, şadlıq evlərinin, restoran və kafelərin işləməsinə də qadağalar tətbiq edilmişdir. Bu məhdudlaşdırıcı qərarların məqsədi insanların fiziki təmaslarını minimuma endirmək yolu ilə kütləvi yoluxmaların qarşısının alınması olmuşdur. Nəticə olaraq, insanların həyat tərzi dəyişilmiş, iqtisadi aktivlik zəifləmiş və məhsulların satışı aşağı düşmüşdür. Satışların azalması isə öz növbəsində gəlirlərin aşağı düşməsinə və hətta itkilərə gətirib çıxarır. Ona görə də pandemiya şəraitində, iqtisadi subyektlərin banklar və digər maliyyə institutları tərəfindən maliyyələşdirilməsində də çətinliklər yaranır və yeni çağırışlar qarşıya çıxır.

Lakin, çağırışlarla yanaşı, pandemiya dövründə yeni fürsət və imkanlar da meydana gəlmişdir. Təcrübə göstərir ki, həyati əhəmiyyəti olan sahələr kimi ərzaq təminatı, tibb xidməti, internet bağlantı və məsafədən idarəetmə ön planda durur. Bundan əlavə, pandemiya dövründə insanların immun sisteminin güclü olması mühüm əhəmiyyət kəsb edir və yoluxmanın yayılmasına öz təsirini göstərir. İnsanların immun sisteminin gücləndirilməsi üçün isə tibb sahəsinin mütəxəssisləri tərəfindən daha çox vitaminli meyvələrin qəbul edilməsi tövsiyə olunur. Belə meyvələrdən, ilk növbədə sitrus meyvələrini, kivi, limon, kin-kan və mandarini, daha sonra çiyələk, nektarin, gilas, alma, fındıq, nar və digərlərini göstərmək olar.

Yuxarıda qeyd olunanları ümumiləşdirərək, belə nəticəyə gələ bilərik ki, gündəlik ərzağa olan təlabatımızı təmin edən və pandemiya dövründə nəinki ən az zərər çəkmiş, hətta dayanıqlı inkişafını davam etdirmiş sahələrdən biri məhz kənd təsərrüfatı olmuşdur. Statistika komitəsinin verdiyi rəqəmlərə əsasən, 2020-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 919,6 milyon manat təşkil edib. Həmin məbləğin 2 milyard 450,9 milyon manatı heyvandarlıq, 2 milyard 468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2 faiz, o cümlədən, heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 0,7 faiz artıb. Kənd təsərrüfatı məhsullarının istehsalında belə artımın olmasına baxmayaraq, həmin məhsulların da satışında zəifləmələr mövcuddur və bu daha çox da daxili bazara yönlənmiş məhsullarda özünü göstərir.

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” maliyyə təşkilatları və kənd təsərrüfatında müəyyən dəyər zəncirləri arasında sorğu keçirmişdir. Bu sorğunun məqsədi pandemiya dövründə kənd təsərrüfatında baş vermiş dəyişiklikləri müəyyən etmək və kreditlərin verilməsində yaranmış çətinliklərin səbəblərini müəyyən etmək olmuşdur.

Sorğunun nəticələri göstərmişdir ki, kənd təsərrüfatında kreditləşməyə mane olan əsas iki səbəb mövcuddur:

1. Kənd təsərrüfatı məhsullarının satışında azalmalar: bu azalmalar əsasən daxili bazarda baş verir; məsələn, toyların qadağan olunması ət məhsulu üzrə satışa mənfi təsir göstərmişdir. Bir çox hallarda hətta satış kanalları itirilmiş və təchizat zəncirləri qırılmışdır.

2. Bazarda sabitliyin olmaması: Yoluxmaların tendensiyasından asılı olaraq, hökümət müəyyən hallarda yumşalmaya və müəyyən hallarda yenidən sərtləşməyə doğru qərarlar qəbul etmişdir. Bu halda sabah satış kanallarının fəaliyyət göstərməsinə əminliyin olmaması da maliyyə təşkilatlarını ehtiyatlı olmağa məcbur etmişdir.

Cari vəziyyətdə bankların və digər maliyyə institutlarının, pandemiya dövründə kənd təsərrüfatında yaranmımış dəyişikliklər və çağırışlara müvafiq strategiyalarının qurulması çox vacibdir və bu istiqamətdə aşağıdakıları nəzərə almaq faydalı olar.   

Çox maraqlı və vacib məqamdır ki, sorğu, daxili bazara yönəlmiş məhsul istehsalçıları ilə ixrac yönümlü məhsul istehsalçıları arasında fərqli səhnəni üzə çıxarmışdır. Belə ki, fermerlər istehsal etdikləri məhsulun daxili bazarda satışı üzrə proqnozlarını verə bilmirlər və ona görə də maliyyənin cəlb edilməsinə ehtiyatla yanaşırlar. İxrac yönümlü kənd təsərrüfatı məhsullarının satışında vəziyyət bir qədər fəqrlidir.: fındıq, çiyələk, alma, nektarin, sitrus meyvələri və s. üzrə ixrac bazarlarında qiymətlərin də əlverişli olması bu istiqamətin rəqabət üstünlüyünü üzə çıxarmışdır. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, insanın immun sisteminə gücləndirici təsir edən məhsullara dünyada tələbin artması ilə bağlıdır.

Bəs ixrac yönümlü dəyər zəncirləri arasında keçirilmiş araşdırmalar bizə nə deyir? Məsələn, pandemiya dövründə məhsulları Körfəz və Avropa ölkələrinə çatdırmaq çətin olduğundan ixracın böyük əksəriyyəti ənənəvi olan Rusiya və yerli bazarlara yönəlmişdir. Bu səbəbədən də qeyd edilən bazarlarda rəqabət də kəskin artmışdır. Bəs bu halda maliyyə institutu nə etməlidir? Fikrimizcə, onlar maliyyələşdirmə zamanı müştəriləri daha diqqətlə təhlil etməli və ən vacibi, üstünlüyü müasir istehsal üsullarından istifadə edən və rəqabət qabiliyyətli olan fermerlərə verməlidir.

Onu da əlavə edə bilərik ki, belə məhsulların ixracı ilə məşğul olan ixracatçı və onun ətrafında çoxlu sayda istehsalçı fermerlər vahid dəyər zəncirində birləşirlər. Dəyər zəncirlərində üzvlər arasında uzun müddət ərzində mövcud olan əlaqələrin möhkəmliyi, bəzi zəncirlərdə müqavilə əsasında fəaliyyət və dünyada artan qiymətlər bu zəncirlərin üzvlərini banklar üçün maraqlı müştərilərə çevirir.  Dəyər zəncirində birləşmiş və ixrac yönümlü məhsulların istehsalı və satışı ilə məşğul olan təsərrüfatlar üçün gəlirlərin artmasını pandemiya şəraitinin yaratdığı yeni imkanlara aid etmək olar. İxracın artması dəyər zəncirlərinin maliyyələşməyə olan ehtiyaclarını da artırır. Belə ixrac yönümlü  dəyər zəncirlərinin maliyyələşməsi banklar üçün də maraqlıdır,  çünki burada risklər daha azdır. Məsələn, gəlirlərin xarici valyutada olamsı bu təsərrüfatlara verilən kreditlər üzrə valyuta riskindən təbii hecinq yaradır ki, bu da kreditlərin ödənilməsində banklara əminlik verən amildir.

Sonda onu da qeyd etməyi zəruri hesab edirik ki, ixrac yönümlü dəyər zəncirləri arasında keçirilmiş araşdırmaların nəticələri və maliyyə institutlarının bu dəyişikliklərə cavabları Sizə maraqlıdırsa, Sizi böyük məmnuniyyətlə Azərbaycan Banklar Assosiasiyası və IFC tərəfindən təşkil edilən və 29 oktyabr 2020-ci il tarixdə keçiriləcək vebinarda iştirak etməyə dəvət edirik. Bu vebinar banklar və digər maliyyə institutları, dəyər zəncirləri və kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üzrə assosiasiyalar üçün nəzərdə tutulur. Ümid edirik ki, vebinar banklar və digər maliyyə institutları tərəfindən ixrac yönümlü dəyər zəncirlərinin daha çox maliyyələşməsinə və inkişafına dəstək olacaqdır.

  1. Andriy Zaripov – IFC aqro-maliyyə və aqro-sığorta məsələləri üzrə ekspert;
  2. Şamil Qədirov – IFC Azərbaycan İnvestisiya Mühiti və Kənd əsərrüfatının Rəqabətliliyi Layihəsinin maliyyə məsləhətçisi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.