
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə 5 fəsil və 25 maddədən ibarətdir.
Müzakirələr zamanı bildirilib ki, qanun layihəsinin əsas konseptual yeniliklərindən biri milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin “maliyyə icarəsi” termini ilə əvəz edilməsidir. Qeyd olunub ki, beynəlxalq “leasing” termini indiyədək dilimizdə “lizinq” kimi işlədilsə də, yeni layihədə onun daha uyğun qarşılığı kimi “maliyyə icarəsi” ifadəsinin tətbiqi məqsədəuyğun hesab edilib.
Yeni qanunun qəbulu ilə bu sahədə vahid yanaşmanın formalaşdırılması, terminlərin eyniləşdirilməsi və fəaliyyətin hüquqi mahiyyətinin daha aydın izahı təmin ediləcək. Bildirilib ki, indiyədək “lizinq” anlayışı bəzən kredit münasibəti kimi qəbul olunsa da, yeni yanaşma ilə onun icarə mahiyyəti daha dəqiq izah olunacaq.
Qanun layihəsinin hüquqi müəyyənliyin artırılması baxımından Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına da uyğun olduğu qeyd edilib.
Sənəd qəbul olunduğu təqdirdə, rəsmi dərc edildiyi tarixdən altı ay sonra qüvvəyə minəcək.




