Azərbaycan Mərkəzi Bankı (AMB) “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində vətəndaşların səyyar qəbulunu həyata keçirib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən kredit borcuna güzəşt olunması, Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumatların silinməsi, Prezidentin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanının əhatə etdiyi məsələlər, kredit istəyi, zaminin kredit borcunun ödənilməsindən azad edilməsi və borcun akseptsiz qaydada tutulması ilə bağlı olub.
“Vətəndaşlara müraciətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizə yazmalarına şərait yaradılmaqla yazılı müraciət etmək hüquqları təmin edilib. Bank fəaliyyəti ilə əlaqədar bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Həmçinin qəbul zamanı şifahi müraciətlərini ünvanlayan vətəndaşlardan zəruri məlumatlar əldə edilməklə müraciətlərinin araşdırmasının nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib”, – məlumatda deyilir.
Qeyd edək ki, daha öncə Lənkəran və Bərdə şəhərlərində vətəndaşların səyyar qəbulu həyata keçirilib. AMB bildirir ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.