Mərkəzi Bankın doqquz əməkdaşı Vətən müharibəsində iştirak edərək tarixi zəfərin qazanılmasında töhfələrini veriblər

Vətən müharibəsində iştirak edən Mərkəzi Bank əməkdaşları vətən qarşısında borclarını şərəflə yerinə yetirərək iş yerinə qayıdıblar. Onlar iş kollektivi tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Mərkəzi Bankın sədri Elman RüstəmovVətən müharibəsində iştirak edən əməkdaşlarla görüşdü. Bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə əbədi həkk olunan böyük zəfər çaldı. Erməni işğalçıları məhv edildi, doğma torpaqlarımız 44 gün ərzində azad olundu. Milli tariximizin böyük qəhrəmanlıq salnaməsi kimi bu möhtəşəm zəfər xalqımıza Bütöv Azərbaycanda yaşamaq sevinci bəxş etdi.

E.Rüstəmov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımıza Allahdan rəhmət dilədi, xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildirdi.

Mərkəzi Bankın 14 əməkdaşı da Vətən müharibəsində iştirakla bağlı ordu sıralarına cəlb olunmuşdur. Onlardan 5 nəfəri təlimlərdə iştirak etdikdən sonra ehtiyata buraxılmış, 3-ü zabit olmaqla 9 nəfər isə İkinci Qarabağ müharibəsinə qatılaraq cəbhədə hərbi əməliyyatlarda bilavasitə iştirak etmişdir. Düşmən üzərində böyük qələbəmizi şərtləndirən çoxsaylı üstünlüklərdən biri də ordumuzun yüksək texniki-intellektual hazırlğı olmuşdur. Müharibədə iştirak etmiş əməkdaşlarımızın texnoloji fəaliyyət istiqamətləri üzrə ixtisasları da bunu bir daha göstərir.

Əməkdaşlarımızdan bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə, həmçinin döyüş hazırlığı, nizam-intizam və qoşun xidmətinin təşkilində yüksək nəticələr əldə etdiyinə görə fəxri fərmanla təltif olunmuşdur. Biz onların timsalında tarixi zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, qələbəyə öz töhfələrini verən bütün qəhrəman vətən övladları ilə fəxr edirik. Onlara öz təşəkkürünü və xoş arzularını çatdırdı, bütün xalqımızın, o cümlədən Mərkəzi Bank kollektivinin onlarla qürur duyduqlarını bildirdi.

Möhtərəm Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın müraciətlərində həmişə qeyd olunduğu kimi şəhid ailələrimizə, yaralanmış qazilərimizə, həmçinin bütün müharibə iştirakçılarına daim diqqət və qayğı göstəriləcəkdir.

Sonda Vətən müharibəsi iştirakçıları ilə birgə xətirə şəkli çəkildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır